V Bakı Beynəlxalq Humanitar Forumunun Bəyannaməsi qəbul olunub

V Bakı Beynəlxalq Humanitar Forumunun Bəyannaməsi qəbul olunub

V Bakı Beynəlxalq Humanitar Forumunun Bəyannaməsi qəbul olunub.

Oxu.Az-ın APA-ya istinadən verdiyi məlumatına görə, dünyanın müxtəlif ölkələrindən Bakıya toplaşan siyasət, elm və mədəniyyət xadimləri, beynəlxalq təşkilatların, vətəndaş cəmiyyəti və kütləvi informasiya vasitələrinin nümayəndələri V Bakı Beynəlxalq Humanitar Forumunun işinin son dərəcə səmərəli olduğunu, beynəlxalq humanitar əməkdaşlığın genişləndirilməsinə və bundan sonrakı inkişafına layiqli töhfə verdiyini bəyan ediblər.

Forum iştirakçıları yalnız insan kapitalına yatırılan sərmayələrin müasir dövrün çağırışlarına effektli cavabın, eləcə də həyat keyfiyyətinin yaxşılaşdırılmasına yönəlmiş idarəçilik, istehsal, elm və informasiya kommunikasiya texnologiyalarının təkmilləşdirilməsinin əsas şərt olduğunu hesab etdiklərini, Azərbaycanın təşəbbüsü ilə yaradılan Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin multikulturalizmin nəzəriyyəsi və təcrübəsinin inkişafına mühüm töhfə verdiyini qeyd ediblər:

“Azərbaycanda bütövlükdə insan kapitalının qorunması və artırılması işində yüksək nəticələr əldə olunduğunu ifadə edirik. İnsan kapitalının həmçinin fənlərarası ən yeni bilik və bacarıqların inteqrasiyası, fasiləsiz təhsil proqramları və eləcə də bu sahədə əməkdaşlığın genişləndirilməsi yolu ilə inkişafın davamlı inkişafın vacib humanitar tərkib hissəsi olduğunu etiraf edirik.

Sivilizasiyalararası, mədəniyyətlərarası və konfessiyalararası səmərəli dialoqun təşkili məqsədlərinə nail olunmasında informasiya texnologiyalarının və kütləvi informasiya vasitələrinin artan rolunu vurğulayırıq. Ekoloji sivilizasiya haqqında təsəvvürlərin formalaşdırılması zərurətinə, istehlak və istehsalın səmərəli modellərinin tətbiqini dəstəkləyən müxtəlif hərəkatların təşviqinə, təbii sərvətlərə qayğıkeş münasibət və iqlim dəyişiklikləri ilə bağlı lazımi tədbirlər görülməsinin vacibliyinə xüsusi diqqət yetiririk.

Elm ictimaiyyətinin müxtəlif nümayəndələri, o cümlədən təbiət və humanitar elm sahələrinə mənsub alimlər arasında hərtərəfli fikir mübadiləsinin zəruriliyini dərk edirik və XXI əsrin çağırışlarına uyğun adekvat cavabların təmin olunmasında onların müasir və ənənəvi texnologiyalarının konvergensiyası istiqamətindəki səylərini yüksək qiymətləndiririk.

Humanitar əməkdaşlıq sahəsində ixtisaslaşan müxtəlif beynəlxalq və milli qurumları tolerantlığın və qarşılıqlı hörmət mühitinin formalaşmasına, müasir qlobal və lokal çağırışların həllinə istiqamətlənmiş forum, konfrans və dəyirmi masaları mütəmadi sürətdə keçirməyə çağırırıq. Bu kimi forumların iki ildən bir keçirilməsinin zəruriliyinə əminliyimizi ifadə edirik və Azərbaycan prezidentinə, hökumətinə, Heydər Əliyev Fonduna, V Bakı Beynəlxalq Humanitar Forumunun bütün iştirakçılarına səmərəli fikir mübadiləsi və problemlərə ümumi baxışın formalaşması üçün yaradılan şəraitə görə dərin təşəkkürümüzü bildiririk. Bu Bəyannamənin qəbul edilməsini və onun humanitar sahədə əməkdaşlığın gücləndirilməsi məqsədilə istifadə olunmasını vacib sayırıq”.

N.O.

0
10