Azərbaycan XİN ABŞ dövlət katibinin bəyanatına münasibət bildirib

Azərbaycan XİN ABŞ dövlət katibinin bəyanatına münasibət bildirib

“Ermənistan tərəfindən işğala və təcavüzə məruz qalan dövlət kimi münaqişənin tezliklə həllində ən maraqlı tərəf məhz Azərbaycan Respublikasıdır”.

Oxu.Az-ın xəbərinə görə, bunu Report-un sorğusuna cavab olaraq Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev deyib.

“Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, Vyana və Sank-Peterburq görüşlərinin ruhuna sadiq qalaraq, Azərbaycan münaqişənin substantiv danışıqlar yolu ilə həllinin tərəfdarıdır. KİV-ə çox məlumat verilməsə də, substantiv danışıqlar bu gün davam edir. Bu substantiv danışıqlar da, ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin dövlət başçıları səviyyəsində bəyan etdikləri kimi, qəbuledilməz və qeyri-davamlı olan status-kvonun dəyişdirilməsi və Azərbaycan ərazilərinin işğalından azad olunması ilə nəticələnməlidir”, - deyə H.Hacıyev bildirib.

XİN rəsmisi vurğulayıb ki, münaqişənin həlli ilə əlaqədar yeni formula və ya düsturların kəşf edilməsinə ehtiyac yoxdur.

H.Hacıyev bildirib ki, münaqişənin həllinin siyasi-hüquqi əsasları çoxdan məlumdur: “Bunu da BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri, beynəlxalq hüququn norma və prinsipləri və Helsinki Yekun Aktı təşkil edir.

Onu da qeyd edək ki, Helsinki Yekun Aktında xalqların öz müqəddaratını təyinetmə prinsipinin məhz dövlətlərin ərazi bütövlüyü prinsipinə xələl gətirməyəcək formada ifadə olunması təsbit olunmuşdur. Müxtəlif bəhanələr və təxribatlarla münaqişənin həllinə xələl gətirməyə çalışan tərəf məhz Ermənistandır”.

Qeyd edək ki, ABŞ-ın dövlət katibi Con Kerri Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bəyanatla çıxış edib.

O bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması hazırda mümkün deyil. ABŞ xarici siyasət idarəsinin rəhbəri hesab edir ki, Azərbaycan və Ermənistan arasında yaranan Dağlıq Qarabağ münaqişəsinin həll olunması üçün şərait hələ yaranmayıb.

N.O.

0
8