Mehriban Əliyeva Argentina nümayəndə heyəti ilə görüşüb – FOTO

Mehriban Əliyeva Argentina nümayəndə heyəti ilə görüşüb – FOTO

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva sentyabrın 29-da V Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək üçün ölkəmizdə səfərdə olan Argentina Milli Konqresinin Deputatlar Palatasının vitse-spikeri xanım Patrisia Ximenezin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Heydər Əliyev Fondundan Oxu.Az-a verilən məlumata görə, əsas məqsədi sülh mesajı vermək olan Forumun ölkəmizlə daha yaxından tanış olmaq üçün yaxşı fürsət yaratdığını deyən Mehriban Əliyeva Azərbaycanla Argentina arasında dostluq əlaqələrinin qurulduğunu, daha geniş əməkdaşlıq üçün potensialın mövcudluğunu diqqətə çatdırıb, ölkəmizin hər zaman müxtəlif dinlərin və millətlərin nümayəndələrinin bir ayara gəlməsinə çalışdığını bildirib.

Gələcəkdə ölkələrimiz arasında siyasi, iqtisadi, mədəniyyət və digər sahələrdə əlaqələrin daha da güclənəcəyinə əminliyini ifadə edən Azərbaycanın birinci xanımı Heydər Əliyev Fondu tərəfindən ölkələrimiz arasında gələcəkdə reallaşdırılacaq birgə layihələrə dəstək verməyə hazır olduğunu bildirib.

Bu Forumun bir çox ölkələrin nümayəndələrinin, Nobel mükafatçılarının bir araya gələrək beynəlxalq miqyaslı bir platformaya çevrildiyini vurğulayan nümayəndə heyətinin üzvləri Argentina-Azərbaycan əlaqələrinin daha da inkişaf etdirilməsi üçün geniş imkanların olduğunu bildiriblər. Qonaqlar ölkələrimizin mədəni əməkdaşlığına mühüm töhfə olacaq və Azərbaycan-Argentina münasibətlərinə həsr edilən muğam-tanqo festivalına hazırlıq görüldüyünü diqqətə çatdırıblar.

Sonda Azərbaycanın birinci xanımına xatirə hədiyyəsi təqdim olunub.

A.S.

0
7