Mehriban Əliyeva Bolqarıstanın vitse-prezidenti və Qazaxıstanın dövlət katibi ilə görüşüb

Mehriban Əliyeva Bolqarıstanın vitse-prezidenti və Qazaxıstanın dövlət katibi ilə görüşüb

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva sentyabrın 29-da V Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək üçün ölkəmizdə səfərdə olan Bolqarıstanın vitse-prezidenti Marqarita Popova ilə görüşüb.

Oxu.Az xəbər verir ki, görüşdə birinci xanım Mehriban Əliyeva rəhbərlik etdiyi Fond tərəfindən həyata keçirilən layihələrdən danışıb, bu layihələrin ölkələrarası əlaqələrin möhkəmləndirilməsi üçün ən gözəl vasitə olduğunu bildirib.

Mehriban Əliyeva bu yaxınlarda Bolqarıstanın Veliko Tırnova şəhərinə səfərini xatırlayaraq ona şəhərin fəxri vətəndaşı adının verilməsi ilə əlaqədar bir daha minnətdarlığını çatdırıb. Birinci xanım Mehriban Əliyeva təhsil, mədəniyyət və digər sahələrdə ikitərəfli əlaqələrin önəmini qeyd edib, Heydər Əliyev Fondunun prezidenti kimi bu istiqamətdə layihələrin reallaşdırılmasına dəstək verməyə hazır olduğunu vurğulayıb.

Bolqarıstanın vitse-prezidenti Marqarita Popova V Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etməkdən məmnunluğunu bildirərək, Azərbaycan-Bolqarıstan münasibətlərinin yüksək səviyyədə olduğunu, ölkələrimiz arasında həyata keçirilən layihələrin bu münasibətlərin inkişafına töhfə verdiyini qeyd edib.

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva sentyabrın 29-da həmçinin V Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək üçün ölkəmizdə səfərdə olan Qazaxıstanın dövlət katibi Gülşar Abdıkalikova ilə görüşüb.

Birinci xanım Mehriban Əliyeva V Bakı Beynəlxalq Humanitar Forumunda müzakirə olunan mövzuların əhəmiyyətinə toxunub, bu məsələlərin bütün dünya üçün aktual olduğunu vurğulayıb. Mehriban Əliyeva Qazaxıstan ilə Azərbaycan arasında münasibətlərin yüksək səviyyədə olduğunu, xalqlarımızı sıx qardaşlıq tellərinin bağladığını deyib.

Qazaxıstanın dövlət katibi Gülşar Abdıkalikova sentyabrın 26-da Azərbaycan Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı keçirilən referendumun nəticələrini böyük qələbə kimi dəyərləndirib. Qonaq Azərbaycan-Qazaxıstan münasibətlərindən danışaraq ölkələrimizin beynəlxalq təşkilatlarda yaxşı əməkdaşlıq qurduqlarını və bir-birlərini hər zaman dəstəklədiklərini diqqətə çatdırıb.

Gülşar Abdıkalikova Azərbaycanın birinci xanımına xatirə hədiyyəsi təqdim edib.

A.S.

0
4