Bakı Limanı Bolqarıstanın Limanlar İnfrastrukturu şirkəti ilə memorandum imzaladı

Bakı Limanı Bolqarıstanın Limanlar İnfrastrukturu şirkəti ilə memorandum imzaladı

29 sentyabr tarixində Bakıda keçirilən Azərbaycan-Bolqarıstan iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın iclası çərçivəsində “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC (Bakı Limanı) ilə Bolqarıstanın Limanlar İnfrastrukturu şirkəti arasında Anlaşma Memorandumu imzalanıb.

Oxu.Az xəbər verir ki, müqaviləni Bakı Limanının baş direktoru Taleh Ziyadov və Bolqarıstanın Limanlar İnfrastrukturu şirkətinin baş direktoru Anguel Zabourtov imzalayıblar.

Memoranduma əsasən, qeyd olunan limanlar arasında əməkdaşlıq genişlənəcək və təcrübə mübadiləsi həyata keçiriləcək.

Bununla yanaşı, memorandum liman idarəçiliyi, həm də liman heyətinin təlim və tədrisi sahələrində əməkdaşlıq və təcrübə mübadiləsini ehtiva edir.

Bolqarıstanın Limanlar İnfrastrukturu şirkəti liman infrastrukturunun idarə edilməsi, tikintisi, bərpa edilməsi, liman akvatoriyaların və kanalların salınması, dövlət və mühüm strateji əhəmiyyətə malik olan limanların təhlükəsizliyini təmin edir.

Qeyd edək ki, yeni Bakı Limanı Azərbaycanın tranzit imkanlarının reallaşdırılması baxımdan əhəmiyyətlidir və limanın tikintisinə böyük həcmdə investisiya yönəldilib. Yeni Bakı Limanı Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin vacib iştirakçısıdır və bu da öz növbəsində Bolqarıstan üçün Mərkəzi Asiyaya çıxış baxımından maraqlıdır.

Xatırladaq ki, 2015-ci ildə Bakı Limanı, Batumi Dəniz Limanı və Aktau Limanı arasında məqsədi TransXəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) üzrə Əlaqələndirmə Komitəsinin təsis edilməsi və TransXəzər Nəqliyyat Dəhlizi vasitəsilə əlavə yük axınlarını cəlb etməkdən ibarət olan üçtərəfli Anlaşma Memorandumu imzalanmışdır. Cari ilin yanvar ayında isə Bakıda keçirilmiş dördtərəfli görüşdə Ukrayna da Transxəzər marşrutuna qoşulub.

Həmçinin, Bakı Limanı son illərdə Antverpen, Panama, Aktau və Poti limanları ilə Anlaşma Memorandumu imzalamış, Qətər və Sinqapur limanı ilə yaxın əməkdaşlığa cəlb olunmuşdur.

E.Ə.

0
7