Yaponiya parlamentində Azərbaycan müzakirələri keçirilib

Yaponiya parlamentində Azərbaycan müzakirələri keçirilib

Tokioda Yaponiya parlamentinin binasında DAA Yaponiya temsilcisi , Yaponiya-Azərbaycan Əməkdaşlıq Asossiasiyasının sədri Əlibəy Məmmədov Yaponiyanın Xarici İşlər Nazirliyinin Mərkəzi Asiya və Qafqaz regionu üzrə məsul şəxsi Takahashi Seiichiro və Yaponiyanın İqtisadiyyat və Sənaye Nazirliyinin Turizm şöbəsinin Rusiya, Mərkəzi Asiya və Qafqaz regionu üzrə məsul şəxsi Asako Ueno, AVC şirkətinin nümayəndəsi Yamasaki Tomohiro tərəfindən Azərbaycanın iqtisadi-siyasi reallığı, biznes mühiti, mədəni əlaqələr və yerli şirkətlərin fəaliyyəti mövzusunda müzakirələr aparılmışdır.

Lent.az-ın məlumatına görə, müzakirələr zamanı müstəqillik əldə etdikdən sonra sürətli inkişaf yolu keçmiş Azərbaycan Respublikasının iqtisadi potensialı, geosiyasi vacibliyi, qarşılıqlı anlaşma əsasında qurulmuş və inkişaf etməkdə olan Yaponiya-Azərbaycan münasibətləri haqqında geniş fikir mübadiləsi aparılmışdır.

Takahashi Seiichiro cari ilin Avqust ayının sonlarında Bakıya səfər etdiklərini, Azərbaycanla əlaqələrin daha da inkişaf etdirilməsi üçün yerli əməkdaşlarla görüşlər keçirdiklərini vurğulamışdır. O bildirmişdir ki, Azərbaycan Respublikası müstəqilliyin ilk illərində çox ağır bir şəraitdə, vətəndaş müharibəsinin baş verdiyi bir dövrdə Heydər Əliyevin hakimiyyətə gəlməsi, Azərbaycanda stabil siyasi sistemin qurulmasında və onun möhkəmləndirilməsində, iqtisadi həyatının dirçəlməsi və inkişaf etdirilməsində mühüm rol oynamışdır. Hal-hazırda İlham Əliyev tərəfindən bu siyasətinin uğurla davam etdirilməsi və daha da inkişaf etdirilməsi göz qabağındadır. Hazırda Azərbaycan post-sovet məkanında və öz regionunda lider bir dövlətə çevrilmişdir.

Takahashi Seiichiro sentyabr ayının 26-da Azərbaycanda baş tutmuş referendum haqqında söhbət açaraq, Azərbaycan hökumətinin demokratiya yolunda inamlı addımlarla irəlilədiyini qeyd etmişdir.

 

 Asako Ueno bildirmişdir ki, Yaponiyanın İqtisadiyyat və Sənaye Nazirliyində Azərbaycan Respublikası, onun siyasi-iqtisadi stabilliyi haqqında müsbət rəy formalaşmışdır. Bugünə qədər Yaponiya höküməti Bakıda yerləşən səfirlik, JİCA və JETRO vasitəsilə Azərbaycanda Kənd Təsərrüfatı və Enerji sahələrində bir çox uğurlu layihələrə imza atmışdır. Bunların nəticəsi kimi Azərbaycan və Yaponiya arasında biznes əlaqələri gözə çarpacaq dərəcədə inkişaf etmişdir.

O qeyd etmişdir ki, statistik göstəricilər baxımından da Azərbaycan digər post-sovet ölkələri ilə müqayisədə daha çox bel bağlanılan bir tərəfdaşa çevrilmişdir.

AVC şirkətinin nümayəndəsi Yamasaki Tomohiro Azərbaycanla Yaponiyanın regionları arasında əlaqələrin qurulmasında maraqlı tərəf olduqlarını və hər iki ölkənin mədəni əlaqələrinin inkişafı üçün çalışacaqları qeyd etmişdir. O bildirmişdir ki, siyasi və iqtisadi sahədə gözə çarpan inkişaf ölkələrimiz arasında olan mədəni əlaqələrin inkişafı üçün də mükəmməl şərait formalaşdırmışdır.

DAA Yaponiya temsilciliyinin rehberi Əlibəy Məmmədov, xoş qəbula görə öz minnətdarlığını bildirdikdən sonra Azərbaycan və Yaponiya dövlətləri arasında inkişaf etməkdə olan siyasi və iqtisadi əməkdaşlığa, hər iki sahədə artan qarşılıqlı səfərlər haqqında geniş məlumat vermişdir

0
17