Prezident: Regionda və dünyada baş verənlər nikbinlik üçün əsas vermir

Prezident: Regionda və dünyada baş verənlər nikbinlik üçün əsas vermir

Azərbaycan prezidenti İlham Əliyev Rusiya hökumətinin sədr müavini Olqa Qolodetsin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Oxu.Az xəbər verir ki, APA-nın məlumatına görə, prezident İlham Əliyev Bakı Beynəlxalq Humanitar Forumunun Azərbaycan və Rusiya prezidentlərinin təşəbbüsü ilə təşkil edildiyini, ölkələrimizin Forumun keçirilməsində aparıcı rol oynadıqlarını bildirib.

Dövlət başçısı Rusiya prezidenti ilə avqust ayında keçirilən görüşündə bu mövzuya toxunduqlarını deyib və Forum iştirakçılarına ünvanladığı məktuba görə Rusiya dövlətinin başçısına təşəkkürünü çatdırmağı xahiş edib. Bakı Beynəlxalq Humanitar Forumunda müzakirə edilən məsələlərin aktual olduğunu deyən prezident İlham Əliyev regionda və dünyada baş verənlərin nikbinlik üçün əsas vermədiyini, bu səbəbdən humanitar əməkdaşlıq və sülhün bərqərar olması məqsədilə daha çox səy göstərməyin vacibliyini qeyd edib. Bu məsələdə Azərbaycanın təcrübəsinin çox əhəmiyyətli olduğunu, bir sıra ölkələrdə bu təcrübənin öyrənilməsinə ehtiyacın duyulduğunu bildirib. Azərbaycan-Rusiya münasibətlərinin zəngin tarixə malik olduğunu deyən dövlət başçısı ölkələrimizin bütün istiqamətlərdə, o cümlədən humanitar sahədə fəal əməkdaşlıq etdiyini vurğulayıb.

O. Qolodets isə şəhərimizin gözəlliyinin onda xoş təəssürat yaratdığını bildirib.

“Bakının müasir siması həqiqətən məni çox təsirləndirdi. Bakı Azərbaycanın çoxəsrlik ənənələrini, eyni zamanda, bu gün dünyada yaranmış bütün yenilikləri özündə birləşdirir”, - deyən Olqa Qolodets Heydər Əliyev Mərkəzinin nümunəsində Bakının simasının güclü təsir bağışladığını vurğulayıb.

“Rusiya tərəfi Sizin sülhə, əməkdaşlığa verdiyiniz töhfəni çox yüksək qiymətləndirir”, - deyən Rusiya hökuməti sədrinin müavini Rusiyanın Azərbaycan ilə əlaqələrə böyük əhəmiyyət verdiyini, ölkələrimiz arasında əməkdaşlığın səmərəli və çoxşaxəli olduğunu bildirib.

Bakıda müxtəlif görüşlər keçirəcəyini, Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialında olacaqlarını deyən Olqa Qolodets səhiyyə və mədəni turizm sahəsində əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğulayıb.

Söhbət zamanı Azərbaycan ilə Rusiyanın ali məktəbləri arasında gənclərin regional forumlarının keçirilməsi, uşaqların yay düşərgələrində istirahəti və digər məsələlər müzakirə olunub.

E.Ə.

www.oxu.az

0
9