Bakıda gənclər sahilyanı əraziləri təmizlədi – FOTO

Bakıda gənclər sahilyanı əraziləri təmizlədi – FOTO

Ölkənin bir sıra nüfuzlu şirkətləri, dövlət qurumları və qeyri-hökumət təşkilatları bir araya gələrək bütün dünyada qeyd olunan Beynəlxalq Sahilyanı Təmizlik Günü çərçivəsində Bilgəh çimərliyində genişmiqyaslı təmizlik aksiyası keçirib.

Oxu.Az xəbər verir ki, artıq 21 ildir ki, dünyanın bir çox ölkəsi hər il sentyabrın 15-i Beynəlxalq Sahilyanı Təmizlik Günü kimi qeyd edir.

Sahilyanı Təmizlik Günü Yer kürəsində su hövzələri sahillərinin tullantılardan təmizlənməsinə yönələn ən irimiqyaslı könüllü hərəkatıdır. Bu məqsədlə on minlərlə insan könüllü olaraq yaşadıqları ərazilərin sahillərini tullantılardan təmizləyirlər. Azərbaycan da bu beynəlxalq ekoloji aksiyada artıq 7 ildir iştirak edir.

Builki aksiya miqyası və tədbirə qoşulanların sayına görə əvvəlkilərdən daha geniş olub. Belə ki, bu il sözügedən aksiyada 500-dən artıq insan iştirak edib.

Xatırladaq ki, builki aksiyaya qoşulanlar sırasında “Green Baku” ekoloji gənclər birliyi, “BİR” tələbə-könüllü proqramı, Azərbaycan Velosiped İdmanı Federasiyası, Milli Olimpiya Komitəsi, AFFA, ADA Universiteti yer alıb. Azərbaycanda son 7 il ərzində keçirilən analoji birgünlük aksiya çərçivəsində Xəzər dənizinin çimərliklərinin 33 hektara yaxın ərazisi 21 ton məişət tullantısından təmizlənib.

E.Ə.

0
4