“Gözəllik kraliçası” “Oskar” mükafatçısının festivalına gedir

“Gözəllik kraliçası” “Oskar” mükafatçısının festivalına gedir

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının (GTT) yaradıcı heyəti Rusiya Federasiyanın Perm şəhərində keçiriləcək II Beynəlxalq Martin MakDonax Teatr Festivalında iştirak edəcək. Teatrdan verilən məlumata görə, kollektiv bu dəfə ölkəmizi adıçəkilən müəllifin “Lineynin trilogiyası”na daxil olan “Gözəllik kraliçası” tamaşası ilə təmsil edəcək.

Quruluşçu rejissoru Böyük Britaniyadan dəvət olunmuş teatr rejissoru Yan Uilem Van Den Boş, rejissoru Ayla Haşımova, işıq üzrə rəssamı Maykl Manyon (Böyük Britaniya), quruluşçu rəssamı Elizabet Kuk (Böyük Britaniya), rəssamı Elşən Sərxanoğlu, musiqi tərtibatçısı Zaur Rəşidov olan tamaşada rolları əməkdar artistlər Şəfəq Əliyeva, Elşən Rüstəmov, aktyorlar Zülfiyyə Alhüseynova və Eşqin Quliyev canlandıracaqlar.

Oktyabr ayının 1-dən – 7-dək davam edəcək festivalda ölkəmizlə yanaşı, Polşa, Moldova, Şotlandiya, Bosniya və Hersoqovina, Rusiya, Çexiya, İran və digər ölkələrin teatr kollektivləri iştirak edəcəklər. GTT-nin çıxışı oktyabr ayının 4-ə nəzərdə tutlub. Tamaşadan sonra Festivalın Beynəlxalq səviyyəli münsiflər heyəti və tənqidçilər qrupu tamaşanı müzakirə edəcəklər. Festival çərçivəsində GTT-nin yaradıcı heyəti tanınmış xarici ölkə teatr mütəxəssislərinin iştirakı ilə baş tutacaq ustad dərslərinə və treninqlərə də qatılacaqlar.

Festivalda iştirak edəcək qrupa teatrın direktoru, əməkdar artist Mübariz Həmidov rəhbərlik edəcək. ADGTT-nın rəhbəri eyni zamanda Festival çərçivəsində Beynəlxalq ASSİTEJ-ə üzv olan iştirakçı ölkələrin ASSİTEJ rəhbərləri və Perm Dövlət Gənc Tamaşaçılar Teatrının rəhbərliyi ilə də görüşəcək.

“Oskar” mükafatçısı Martin MakDonax Festivalının keçirilməsi təkcə Rusiya teatr məkanı üçün deyil, ümumilikdə bütün dünya teatrları üçün olduqca əhəmiyyətli teatr hadisəsidir. Festivalın məhz Perm şəhərində keçirilməsinın səbəbi isə ondan ibarətdir ki, Permdə fəaliyyət göstərən və festivalın əsas təşkilatçılarından biri olan “U mosta” teatrının səhnəsində dünyada ilk dəfə olaraq dramaturqun 7 pyesi hazırlanaraq nümayiş etdirilib. Buna görə də bu teatr 2008, 2010 və 2012-ci illərdə bir sıra nüfuzlu mükafatlara, habelə “İnişmanlı şikəst” tamaşasına görə “Qızıl maska” mükafatına layiq görülüb.

0
8