Gülnar Salmanovanın xatirəsi anılıb

Gülnar Salmanovanın xatirəsi anılıb

Azərbaycan Dövlət Musiqili Teatrında mərhum aktrisa, əməkdar artist Gülnar Salmanovanın xatirəsi yad olunub. Lent.az-ın məlumatına görə, xalq yazıçısı Elçinin məşhur hekayələri əsasında hazırlanan “Baladadaşın toy hamamı” iki hissəli musiqili lirik komediyasının növbəti nümayişi Gülnar Salmanovanın 60 illiyinə həsr olunub. Tamaşanın nümayişindən əvvəl sənətşünaslıq üzrə fəlsəfə doktoru Vəfa Mühacirova aktrisanın həyat və yaradıcılığı haqqında danışıb.

Tamaşanın quruluşçu-rejissoru, xalq artisti, “Şöhrət” ordenli Cənnət Səlimova, bəstəkarı Firudin Allahverdi, səhnələşdirəni əməkdar artist Nofəl Vəliyev, quruluşçu-dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu-rəssamı Xalq rəssamı Tahir Tahirov, baletmeysterləri Yelena və Zakir Ağayevlər, musiqi rəhbəri Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyovdur.

Tamaşada səslənən mahnıların sözləri Vüqar Əbdülova məxsusdur. Rolları xalq artisti Ramiz Məmmədov, əməkdar artistlər Novruz Qartal, Çingiz Əhmədov, Nahidə Orucova, Səidə Şərifəliyeva, aktyorlar Məhərrəm Qurbanov, Rəsmiyyə Nurməmmədova, Əmrah Dadaşov, Aydan Həsənova, Ağaxan Şərifov, Əliməmməd Novruzov, Ülviyyə Əliyeva, Gülçöhrə Abdullayeva, Gülnarə Əzimova, Fərid Rzayev, Hüseyn Əlili, Gülnarə Abdullayeva, Elnarə Nağdəliyeva, Şaban Cəfərov, Musiqili Teatrın on yaşlı aktyoru Rahib Məmmədzadə və başqaları ifa ediblər.

Xatırladaq ki, istedadlı aktrisa ötən ilin oktyabr ayında uzun sürən ağır xəstəlikdən sonra dünyasını dəyişib.

0
14