SOCAR bu layihəyə 325 milyon dollar xərcləyib

SOCAR bu layihəyə 325 milyon dollar xərcləyib

“Ölkəyə ildə 400 milyon dollar valyuta axını olacaq”.“Sumqayıt Kimya Sənaye Parkının ərazisində həyata keçirilən ümumi investisiya dəyəri 750 milyon dollar olan “SOCAR Polymer” layihəsinə bu günə qədər 325 milyon dollar investisiya yatırılıb”.

Oxu.Az Report-a istinadən xəbər verir ki, bunu “SOCAR Polymer” MMC-nin direktoru Fərid Cəfərov Prezident İlham Əliyevin sentyabrın 27-də Sumqayıt şəhərinə səfəri çərçivəsində keçirilən görüşdə bildirib.

Onun sözlərinə görə, bu məbləğin 197 milyon dollarını kredit, 128 milyon dollarını isə səhmdar kapitaldan ayırmalara təşkil edib:

“Bu günə qədər “SOCAR Polymer” layihəsinin icrası qrafikə uyğun və təsdiq olunmuş büdcə çərçivəsində həyata keçirilir”,- deyə F.Cəfərov vurğulayıb.

“SOCAR Polymer” MMC-nin direktoru qeyd edib ki, polipropilen (PP) zavodunun sınaq işlərinin aparılması gələn ilin noyabrına və istismara verilməsi isə 2018-ci ilin fevralına planlaşdırılır, Yüksək Sıxlıqlı Polietilen (YSPE) zavodunun istismara verilməsi isə 2018-ci ilin avqustuna nəzərdə tutulur:

“Bu zavodların ümumi istehsal gücü ildə 300 min ton təşkil edəcək. Layihənin xammalla vaxtında təmin edilməsi çox əhəmiyyətlidir. Hazırda Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda və “Azərikimya” İstehsalat Birliyində görülən modernləşmə işləri nəticəsində “SOCAR Polymer” xammal ilə təmin ediləcək. Bunun sayəsində ölkədə neft-kimya məhsullarının istehsalı təqribən üç dəfə artacaq”.

O bildirib ki, zavodların istehsalı əsasən ixracyönümlü olacaq və müəssisənin fəaliyyəti nəticəsində ölkəyə ildə təqribən 400 milyon dollar həcmində valyuta axını təmin olunacaq.

U.A.

0
10