WSJ: OPEK hasilatın bir milyon barel azaldılmasını müzakirə edəcək

WSJ: OPEK hasilatın bir milyon barel azaldılmasını müzakirə edəcək

OPEK-ə üzv olan ölkələrin nümayəndələri bu gün Əlcəzairdə keçirilən iclasda il ərzində sutkalıq hasilatın 1 milyon barel azaldılmasını müzakirə edəcək.

Oxu.Az xəbər verir ki, APA-nın məlumatına görə, bu barədə “The Wall Street Journal” nəşri öz mənbələrinə istinadən xəbər verir.

Təklif olunur ki, Səudiyyə Ərəbistanı sutkalıq hasilatı 400 min barel azaltsın. Avqustda krallıq sutkada təxminən 10,6 milyon barel neft hasil edib.

Mənbə bildirir ki, İrana sutkalıq hasilatı 3,7 milyon barel səviyyəsində dondurulmasını təklif olunur. Bu isə avqust ayının göstəricisindən bir qədər çoxdur.

“İnandırıcı deyil ki, bu gün keçiriləcək qeyri-formal görüşdə bu plan razılaşdırılsın. OPEK üzvləri yalnız noyabr ayında keçiriləcək növbəti rəsmi iclasın ssenarisi ətrafında müzakirələr aparacaq”, - deyə mənbə əlavə edib.

Bu planın qəbulu neftin qiymətlərinə dəstək istiqamətində atılacaq ilk konkret addım olacaq. Bundan başqa, plan qəbul olunarsa, bu o deməkdir ki, bazar payını qorumaqda israrlı olan Səudiyyə Ərəbistanı öz sərt mövqeyindən çəkiləcək.

İranın isə reaksiyası hələ də məlum deyil. İran sutkalıq hasilatı təxminən 4 milyon barelə çatdırmağı planlaşdırıb.

Ötən gün İranın neft naziri Bijan Namdar Zanqane bildirib ki, qarşıdan gələn görüşdə sırf məsləhətləşmələr aparmaq niyyətindədir və hasilatın dondurulması ilə bağlı hər hansı qərara dəstək verməyəcək.

OPEK tərəfindən sutkalıq hasilatın 1 milyon barel azaldılması ucuz neft dövründə yığılan ehtiyatların da azalmasına səbəb olacaq.

U.A.

0
9