Rəşid Behbudovun 100 illiyi Tiflisdə qeyd olundu

Rəşid Behbudovun 100 illiyi Tiflisdə qeyd olundu

Tiflisdəki Vano Saracişvili adına Dövlət Konservatoriyasında Gürcüstan Mədəniyyət və Abidələrin Mühafizəsi Nazirliyinin və Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyinin təşəbbüsü və təşkilatçılığı ilə dünya şöhrətli müğənni Rəşid Behbudovun 100 illiyinə həsr olunmuş yubiley axşamı keçirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, yubiley axşamını Tiflis Teatr və Kino İnstitutunun rektoru, kinoşünas Georgi Dolidze açaraq “Arşın mal alan” komediyasının Gürcüstanda oynanılması tarixi haqqında məlumat verib və həmçinin Rəşid Behbudovun aktyorluq məharəti haqqında söz açıb. Sonra Gürcüstan mədəniyyət və abidələrin mühafizəsi naziri Mixail Giorqadze çıxış edərək Tiflisdə bu cür musiqi axşamlarının keçirilməsinə böyük qiymət verdiyini bildirib.

Tədbirdə Gürcüstanın teatr artisti Leyla Abaşidze, Gürcüstanın xalq artisti Nana Breqvadze, Azərbaycanın Gürcüstandakı səfirliyinin mədəniyyət məsələləri üzrə attaşesi Samirə Ağayeva, Gürcüstanın Əməkdar İncəsənət xadimi, “Metexi” Rəqs Teatrının direktoru, akademik Qelodi Potsxişvili, bəstəkar Vaja Azarişvili, Tiflisdəki Abxaziya Akademiyasının prezidenti Otar Jvaniya, Heydər Əliyev adına Tiflis Azərbaycan Dövlət Teatrının direktoru Varlam Nikoladze çıxış ediblər. Natiqlər görkəmli Azərbaycan müğənnisinin istedadlı bir müğənni olmasından və onun haqqında olan xatirələrindən söz açıblar. Akademik Qelodi Potsxişvili çıxışında Rəşid Behbudovun 1929-1934-cü illərdə Tiflisdəki musiqi məktəbində oxuduğunu bildirib.

O. Jvaniya  Azərbaycan xalqı ilə gürcü xalqının əsrlərlə mehriban qonşu və qardaşlıq şəraitində yaşadığını bildirib: “Allah bizi yaradıb ki, mehriban qonşu olaraq yaşayaq. Azərbaycan xalqı sülhsevər xalqdır. Azərbaycan və gürcü xalqının ayrı-ayrı dilləri olsa da bizim daha bir dilimiz var. Bu, “dostluq” dilidir”.

Tədbirdə teatrın foyesində Rəşid Behbudovun fotolarından ibarət sərgi təşkil edilib və müğənni haqqında film nümayiş olunub.

Sonda Rəşid Behbudovun yubiley axşamında Gürcüstanın görkəmli opera müğənnilərindən Mariam Barataşvili, Nuqzar Qekvadze, İrakli Mucikneli və başqaları Üzeyir Hacıbəyovun və Tofiq Quliyevin mahnılarını ifa ediblər. Gürcü opera müğənniləri Üzeyir Hacıbəyovun “Sevgili canan”, “Sənsiz” romanslarını və “Arşın mal alan” musiqili komediyasından parçaları Azərbaycan dilində ifa ediblər.

Yubiley axşamının yekununda Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyinin direktoru Leyla Əliyeva tədbirə gələn Gürcüstanın mədəniyyət və incəsənət adamlarına, gürcü və azərbaycanlılara təşəkkürünü bildirib: “Bu gün Rəşid Behbudovun 100 illiyinə həsr olunan yubiley axşamı Azərbaycan və gürcü xalqının dostluğunun, qardaşlığının və mədəni əlaqələrinin möhkəmləndirilməsinin bir daha təsdiqidir”, deyə L. Əliyeva bildirib.

Xatırladaq ki, Rəşid Behbudov 1915-ci il dekabrın 14-də Tiflisdə xanəndə Məcid Behbudalı oğlunun ailəsində dünyaya gəlib və 1989-cu il iyunun 9-da vəfat edib.

0
12