Pakistanın baş naziri Azərbaycana səfər edəcək

Pakistanın baş naziri Azərbaycana səfər edəcək

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Pakistanın Federal müdafiə sənayesi naziri Rana Tanvir Hussainin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

XİN-in mətbuat xidmətindən Oxu.Az verilən xəbərə görə, Rana Tanvir Hussain “ADEX 2016” ikinci Azərbaycan Beynəlxalq müdafiə sərgisinin yüksək səviyyədə təşkil olunduğunu vurğulayıb və Pakistanın Ermənistan-Azərbaycan münaqişəsinin həllində Azərbaycanın ədalətli və haqlı mövqeyini qəti və prinsipial şəkildə dəstəklədiyini bildirib.

Nazir Elmar Məmmədyarov Pakistanın bu mövqeyinin yüksək qiymətləndirildiyini və yaxın zamanda Pakistanın baş nazirinin Azərbaycana planlaşdırılan səfərinin ikitərəfli əlaqələrin inkişafına mühüm töhfə verəcəyini qeyd edib.

Görüşdə Azərbaycan və Pakistan arasında ikitərəfli siyasi əlaqələrin yüksək səviyyədə inkişaf etdiyi vurğulanıb və digər sahələrdə olduğu kimi, müdafiə və hərbi sənaye sahəsində əməkdaşlığın daha da genişləndirilməsi üçün əlverişli imkanların mövcudluğu qeyd olunub. Özəl sektor, əczaçılıq, toxuculuq, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi və birgə səylərlə iki ölkə arasında ticarət dövriyyəsinin artırılmasının vacibliyi vurğulanıb.

S.B.

0
9