Bakı İstintaq Təcridxanası təhlükəli vəziyyətə düşdü

Bakı İstintaq Təcridxanası təhlükəli vəziyyətə düşdü

“Gölün kənarında xeyli uçmalar baş verib.”

Bakı İstintaq Təcridxanasının yaxınlığındakı Zabrat gölündə suyun səviyyəsi qalxıb. 

Oxu.Az xəbər verir ki, bunu APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının baş geoloqu Ələmdar Piriyev deyib.

O bildirib ki, hazırda Zabrat gölünün suyu getdikcə Bakı İstintaq Təcridxanasına və ərazidəki yaşayış evlərinə yaxınlaşır: 

“Gölün kənarında xeyli uçmalar baş verib. Artıq yaşayış evlərinin zirzəmiləri su ilə dolub. Məsələ ilə əlaqədar tərəfimizdən aidiyyəti qurumlara arayış hazırlanır”.

Baş geoloqun sözlərinə görə, Zabrat gölündə suyun səviyyəsinin qalxması Bakı İstintaq Təcridxanasına gedən magistral yola, eyni zamanda ərazidən keçən kommunikasiya xətlərinə problem yaradıb: 

“Magistral yola ziyan dəyib. Ərazidəki rabitə və elektrik xətləri suyun içindədir”.

Ə. Piriyev qeyd edib ki, Zabrat gölündə suyun səviyyəsinin qalxmasına gölə ərazidəki yaşayış evlərindən çirkab sularının axıdılması və qrunt sularının yer səthinə qalxması səbəb olub: 

“Yerli əhalinin sözlərinə görə, sovet vaxtı ərazidə su ötürücü kanal olub. Sonradan həmin su ötürücü kanal kimlərsə tərəfindən doldurulandan sonra göldə suyun səviyyəsi qalxmağa başlayıb”.

0
16