Həccə gedənlər üçün qurbanlıq qoyunlar bahalaşdı

Həccə gedənlər üçün qurbanlıq qoyunlar bahalaşdı

Artıq sənəd qəbulu başlayıb.

Azərbaycandan bu il Həcc ziyarətinə səfər edəcək zəvvarlar üçün təklif olunan qurbanlıq qoyunlar əvvəlki il ilə müqayisədə bahalaşıb.

Oxu.Az xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsindən APA-ya verilən məlumata görə, bu il qurbanlıq qoyunlar zəvvarlara 160-170 ABŞ(243-258 AZN) dollarına başa gələcək.

QMİ-dən onu da bildiriblər ki, qurbanlıq qoyunların ödənişi ziyarət səfərinin təşkili üçün ödəniləcək vəsaitə daxil deyil və zəvvar bunu əlavə olaraq ödəməlidir.

Xatırladaq ki, ötən ilki Həcc zamanı qurbanlıq qoyunlar zəvvarlar üçün 130-140 ABŞ dollarına başa gəlib.

Aprelin 1-dən Azərbaycanda Həcc ziyarətinə sənəd qəbulu başlayıb. Bu il Azərbaycandan gedəcək zəvvarlar üçün say limiti ötən ilkindən az - 1500 nəfər müəyyənləşib. Ziyarət zamanı daha yaxşı şəraitli hotellərdə qalmaq, bahalı yeməklərlə təmin olunmaq, o cümlədən hotellərdə 4 nəfərlik otaqlarda yerləşmək 4500 dollar (6840 AZN), nisbətən ucuz şəraitli, 6 nəfərlik otaqlarda qalmaq isə 3500 dollardır (5320 AZN). 

Dolların kursuna görə builki ziyarət xərcləri ötən illə müqayisədə bahadır. Ötən il Azərbaycandan Həcc ziyarətinə 2400 zəvvar gedib, onlardan 3-ü Məkkədə dünyasını dəyişib və orada dəfn olunub. Ötən il həm də Həcc ziyarəti kütləvi insan ölümü ilə nəticələnən hadisələrin baş verməsi ilə də yadda qalıb.

Azərbaycanda Həcc ziyarətinə sənəd qəbulunu yalnız QMİ aparır.

0
21