Özəlləşdirmə ilə bağlı növbəti açıq hərrac keçirildi – FOTO

Özəlləşdirmə ilə bağlı növbəti açıq hərrac keçirildi – FOTO

Daşınmaz dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti hərrac keçirilib.

Bu barədə Əmlak Məsələləri Dövlət Komitəsindən (ƏMDK) Oxu.Az-a bildirilib.

“Keçirilən hərracda ümumilikdə 16 dövlət obyekti özəlləşdirilib. Bu obyektlərdən 3-ü səhmdar cəmiyyətinin nəzarət səhm paketinin 30%-lik hissəsi, 13-ü isə kiçik dövlət müəssisə və obyektidir.

Özəlləşdirilən səhmdar cəmiyyətləri məişət, pambıqçılıq və kənd təsərrüfatı mallarının emalı sahələrinə aiddir. Özəlləşdirilmiş 13 kiçik dövlət müəssisə və obyektlərinin 4-ü Bakıda, 9-u isə respublikanın digər şəhər və rayonlarında yerləşən obyektlərdir. Bu əmlakların 7-si ticarət sahəsinə, 2-si ictimai iaşə, 3-ü xidmət, 1-i isə qeyri-yaşayış sahəsinə aid olub.

Dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti hərrac 11 oktyabr tarixində keçiriləcək.

Bu hərraca 85 dövlət əmlakı çıxarılıb. Bunlardan 30-u özəlləşdirmə prosesi çərçivəsində yaradılmış kapitalının nəzarət səhm paketinin 30-45 faizini təşkil edən açıq səhmdar cəmiyyətləridir.

Bundan əlavə, hərraca 30 kiçik dövlət müəssisə və obyekti də çıxarılıb. Eyni zamanda hərraca çıxarılan dövlət obyektlərinin siyahısında 25 ədəd nəqliyyat vasitəsi də yer alıb”, - deyə komitədən bildirilib.

Qeyd edək ki, hərracda iştirak üçün komitənin elektron xidməti (www.e-emdk.gov.az) üzərindən sifariş vermək və əmlakın hərracdakı satış qiymətinin 10%-i məbləğində behi bank vasitəsilə ödəmək kifayətdir.

U.A.

0
14