İfritələr qəbiristanlığı, meşədən qalxan nalə, göl dibindəki cırtdanların vahiməsi – SƏBUHİ MƏMMƏDLİ

İfritələr qəbiristanlığı, meşədən qalxan nalə, göl dibindəki cırtdanların vahiməsi – SƏBUHİ MƏMMƏDLİ

Ərazisinin 7 milyon hektarı bataqlıqlarla örtülüdür. Bataqlıqların altı isə qızılla, yəni neftlə, qazla. Dünyada yeganə yerdir ki, Mendeleyevin tərtib etdiyi məşhur cədvəldəki kimyəvi elementlərin hamısına bu torpaqlarda rast gəlmək olar. Ərazisi Azərbaycandan 6 dəfə böyükdür. Əhalisi isə 12 dəfə az – 800 min nəfər. 70 faizi meşəlikdir, tayqadır buraların. Amma bu meşəliyin 20 faizinə hələ insan ayağı dəyməyib.

(http://news.lent.az/news/254437

                               http://news.lent.az/news/254532)

“Bu torpaqlar hələ də tam öyrənilməyib. Nə altı, nə üstü. Altında nələr var, bir o gözəgörünməz bilir. Üstü də eləcə. Burada meşələr var ki, hey uzanıb gedir, hələ də insan ayağı dəyməyib. Burada 78 min göl var. Hamısı bir-birindən fərqli. Elələri var ki, hələ də onun sirrindən heç kim baş aça bilmir”.

Bunu bizə Timofey baba deyir. Və qarşısındakı qədəhi başına çəkib, əlini yelləyir.


Təbiət buralara hər şeyi verib. Bir ucu Şimal Buzlu Okeana dirənən bu respublikada neft yataqları da kəşf edilib, qaz yataqları da. Kömür şaxtaları da neçə onillikdir fəaliyyətdədir. İnsan oğlu qiymətli metal dalınca da bura gəlib çıxıb. Və tapıb da. Amma Komidə elə yerlər var ki, insan nəinki ora gedib çıxıb, heç buna cəsarət də etməyib. Səbəbi isə… Hə, elə ondan danışacağıq.


Burada “Ölülər vadisi” də var, “Kabuslar dərəsi” də. Burada elə meşələr var ki, qara qarğaların qarıltısından vahiməyə düşməmək mümkün deyil. Göllərində su pəriləri yaşayır deyə onları gözləri ilə gördüyünü deyənlər var. Hə, bura Komidi, sirli-soraqlı bir respublika.


Dodz ən sirli göllərindəndir Kominin. Haqqında min əfsanə dolaşır. Bu göldə çimməyə, ya balıq tutmağa ürək eləmir hər adam. Deyilənə görə, gölün dərinliklərində naməlum canlılar yaşayır. Göldə çimən adamı dartıb aparırlar öz dünyalarına. Məhz bu səbəbdəndir ki, bu göldə balığın sayı-hesabı yoxdur. Çünki balıq tutmağa da çox az adam həvəslidi bu göldə.

Elə bizim həmsöhbətimiz Timofey baba da yaxınlıqdakı kənddə doğulub, boya-başa çatıb. Deyir, göz gözümlə görmüşəm, su pərisi gölün kənarına çıxıb saçlarını sığallayırdı. Timofey baba onu da deyir ki, bu ərazidə yaşayan insanların çoxu kəndi tərk edib ətraf ərazilərə köçüb.

“Biz Sıktıvkara gəldik. Başqası digər qəsəbəyə, şəhərə. Ora turistlər gedir ancaq şəkil çəkdirməyə. Gölün kənarında dayanıb şəkil çəkdirirlər. Yox, nə çimmək, nə balıq?! Kim həyatından bezib ki?!”

Eləcə də Qara göl. Bu gölün yerləşdiyi yerə “Kabuslar vadisi” də deyirlər. Rəvayət edirlər ki, gölün kənarında onlarla cadugər dəfn edilib. Onların ruhu bu ərazini cadulayıb. Təsəvvür edin, Qara gölə ən yaxın yaşayış məntəqəsi 90 km aralıda yerləşir. Gölün həndəvərinə yaxınlaşanda isə bir qədər aralıdakı meşəlikdən tükürpədici uğultu gəlir. Deyilənə görə, alimlər bir neçə dəfə buralara elmi ekspedisiya təşkil ediblər. Amma bu sirri-xudadan baş çıxara bilməyiblər.


Ya da Vad gölü. Bu gölün suyu nə azalır, nə artır. Yay, qış eyni səviyyədədir. Yerli inanclara görə, gölün atında başqa bir dünya var.

“Boyları balacadı. Yaxınlıqdakı kəndlərdə tez-tez rastlaşıblar onlarla. Başları insan başından xeyli böyükdür. İri dişləri var. O qədər donuz, toyuq parçalayıblar ki! Yox, nə canavar, nə ayı. Biz bilmirik ki, canavarın dişi necə olur? Axı onları gözləri ilə görən olub! İnsanlara cummurlar. Onlar da insandı axı. Sadəcə, başqa dünyada yaşayırlar”.

Elə həvəslə danışır ki, Lyuda xala. Hə, bax belə əfsanələr dolaşır buralarda.

Levatı gölünə isə ancaq və ancaq atla gedib çıxmaq olur. Ora yol, demək olar ki, yoxdur. Amma bu gölün yaxınlığındakı təpəyə heç at da dırmaşmır. Ona görə yox ki, at yolu keçə bilmir. İş ondadır ki, at üzü təpəyə baxan kimi fınxırıb dayanır. Geri boylanır. Qabağa getmək istəmir. Şahidlərin dediyinə görə, Levatı gölünün dibində gecə gur işıq seli görünür. Mavi rəngli işıq bir neçə dəqiqədən sonra yox olur.

Timşar adlanan ərazidə isə yerin dibinə doğru dərinliyi 20 metrə çatan böyük dəlik var. Dəlikdə küknar ağacı bitir. O ağacın dibini isə hələ də heç kim görməyib.


Komi ərazisində saysız-hesabsız mağaralar da var. Həmin mağaraların az hissəsi tədqiq edilib. Bu mağaralara nə arxeoloqlar baş qoşur, nə də geoloqlar.

Məsələn, danışırlar ki, Nyuvçim kəndi yaxınlığında Sısola adlanan mağarada bir dəfə 10 nəfər birdən itkin düşüb. Çox uzaqda da deyil. Kominin paytaxtı Sıktıvkardan 50 km aralıda yerləşir Nyuvçim. Necə deyərlər, paytaxtın bir addımlığında. Amma bununla belə hələ də düz-əməlli tədqiq olunmayıb həmin mağara. Heç kim həyatıyla risk etmək istəmir.


Vıçeqda çayı boyunca yerləşən meşəliklər isə bir ayrı söhbətdir. Ümumiyyətlə, bir məqamı xatırladım ki, Komidəki meşələrin 7-8 faizinə hələ də insan ayığı dəyməyib. Ren çayının keçdiyi ərazilərdəki meşəliklərə yaxın maşının mühərrikini işə salmaq mümkün deyil. Qolunda elektron saat varsa, o da dayanacaq. Sanki zaman dayanır burda. Şahidlərin dediyinə görə, burada meşələrdə cırtdan insanlar yaşayır. Amma əraziyə gələn elmi ekspedisiyanın qənaəti də sadə camaatdan fərqli olmayıb. Alimlər yad planetdən gələnlər versiyasının üzərində dayanıblar. Baxmayaraq ki, bunun özü də elmi dəlil deyil.


Kerkoros kəndindən isə məktəbi söküblər anomaliyaya görə. Səbəb tikildiyi yer olub. Məktəb tikiləndən sonra gecələr naməlum qüvvələr sinifləri gəzirmiş. Partaları qırır, məktəb ləvazimatlarını sındırırmış. Yerli milis pusqu qurub bir neçə gün. Amma bir xeyri olmayıb. Qocaların məsləhətindən sonra məktəb sökülüb başqa yerdə tikilib. Bundan sonra belə hal baş verməyib. Qocalar danışırmış ki, həmin yer lənətlənibmiş. Sən demə, oralar ta qədimdən ifritələr qəbiristanlığı kimi tanınırmış.


Neb çayının da anomaliyasını da heç kim başa düşmür. Təsəvvür edin, çayın kənarında otlayan mal-qara və ya qazları qayığa qoyan kimi özlərini suya atırlar. Eyni şeyi başqa çayda da sınaqdan keçiriblər. Amma Nebdə qayıq çayda yol alan kimi eyni şey təkrarlanıb.

İjma çayının kənarında, daha doğrusu, Qalovo kəndi ərazisindən keçən hissəsindəki iri “daş yumurtalar”ın sirrini də açılmamış qalıb. Kimi deyir dinozavr yumurtalarıdı, daşlaşıb qalıb. Kimi də deyir ki, qədim insanların məskənləri olub buralar. İnsanlar qayaları yarıb bu formaya salıblar. Amma hələ ki bu “daş yumurtalar”ın da sirri alimləri məlum deyil.

 Ərazisinin 7 milyon hektarı bataqlıqlarla örtülüdür. Bataqlıqların altı isə qızılla, yəni neftlə, qazla. Dünyada yeganə yerdir ki, Mendeleyevin tərtib etdiyi məşhur cədvəldəki kimyəvi elementlərin hamısına bu torpaqlarda rast gəlmək olar. Ərazisi Azərbaycandan 6 dəfə böyükdür. Əhalisi isə 12 dəfə az – 800 min nəfər. 70 faizi meşəlikdir, tayqadır buraların. Amma bu meşəliyin 20 faizinə hələ insan ayağı dəyməyib.

İçotlyaqa və Peçora çaylarının arasında yerləşən Manpupunyer barədə isə bir qədər əvvəl məlumat vermişdik. Ən kiçiyinin 7, böyüyünün 34 metr hündürlüyü olan bu əcaib “dirəklər” barədə isə onlarla film çəkilir. Komidə dünyanın 8-ci möcüzəsi hesab edilir bu dirəklər. Amma…

Amma məncə elə Kominin özüdür dünyanın 8-ci möcüzəsi. Saysız-hesabsız möcüzələri ilə…

Sabah daha maraqlı olaylardan yazacağıq.

Lent.az-ı oxuyun. Başqa heç yerdə olmayacaq...

Səbuhi Məmmədli,

Bakı-Sıktıvkar

0
9