Səudiyyə qadınları kişilərin himayədarlığının ləğv edilməsini tələb edirlər

Səudiyyə qadınları kişilərin himayədarlığının ləğv edilməsini tələb edirlər

Səudiyyə Ərəbistanında 14000-dən çox qadın kişi-himayədarın icazəsi və ya müşayiəti olmadan bəzi addımları həyata keçirməsini qadağan edən normanın ləğv edilməsini tələb edən petisiya imzalayıb.

Oxu.Az BBC-yə istinadən xəbər verir ki, sənəd baxılması üçün hökumətə təqdim edilib.

Mövcud ənənəyə görə, qadının kişi-qəyyumu olmadığı halda, ailə qurmağa, boşanmağa, təhsil almağa, işə düzəlməyə, xaricə getməyə ixtiyarı yoxdu. Kişi-qəyyum, adətən ata, ər və ya qardaş olur.

Qəyyumun icazəsi olmadan qadın tibbi əməliyyat etdirə və ya kirayə mənzil də götürə bilməz.

Bu təcrübənin ləğv edilməsi uğrunda aparılan kampaniya internetdə populyarlıq qazanmağa davam edir.

İyulda “Tvitter”in ərəbdilli seqmentində “Səudiyyə qadınları kişi-qəyyumların qaydalarını ləğv etmək istəyirlər” kimi tərcümə edilən heşteq virus populyarlığı qazanmışdı.

Səudiyyə qadınları dəyişikliklərə çağırış ifadə olunan çoxsaylı status və videoçarxlar paylaşmışdılar. Hətta “Qəyyumum özüməm” yazılı rezin qolbaqlar da meydana çıxmışdı.

Petisiyanı imzalayan qadınların əksəriyyəti ad və soyadlarını tam olaraq göstəriblər. Məlumata görə, yüzlərlə (bəzi dəyərləndirmələrə görə 2500) qadın ad-soyadlarını tam açıq yazdıqları teleqramlarla Səudiyyə Ərəbistanının kralının ofisinə kampaniyanı dəstəkləyən teleqramlar yollayıblar.

Petisiyaya rəsmi münasibət bildirilməyib.

N.O.

0
8