Azərbaycan Premyer Liqasında VI tura yekun vurulacaq

Azərbaycan Premyer Liqasında VI tura yekun vurulacaq

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında VI tura yekun vurulacaq.

Oxu.Az xəbər verir ki, “Report”un məlumatına görə, turun son oyununda “Neftçi” Sumqayıtın eyniadlı komandası ilə qarşılaşacaq.

Cari mövsümdə uğursuzluq zolağından çıxa bilməyən “ağ-qaralar” ev oyunundan qələbə ilə ayrılmağa çalışacaq.

Bu, “Neftçi”nin baş məşqçisi kimi Elxan Abdullayevin ikinci sınağı olacaq. Bakılılar E.Abdullayevin debüt oyununda “İnter”ə səfərdə uduzub - 1:2. “Sumqayıt” isə son bir həftədə iki oyun keçirib.

Samir Abasovun baş məşqçi olduğu komanda V turda evdə “Kəpəz”lə 1:1 hesablı heç-heçə etdikdən sonra III turdan təxirə salınmış görüşdə səfərdə “Qəbələ”yə yenilib - 0:2. Komandalar ölkə çempionatlarında bu günədək 16 oyun keçirib.

Bu görüşlərin 10-u “Neftçi”nin, 4-ü isə “Sumqayıt”ın qələbəsi ilə başa çatıb. Qalan 2 görüşdə isə bərabərlik qeydə alınıb. Qapılara vurulan toplarda da paytaxt təmsilçisi üstündür - 33:18. “Sumqayıt” son 8 görüşdə yalnız 1 qələbə qazanıb.

Azərbaycan Premyer Liqası, VI tur

27 sentyabr

19:00. “Neftçi” – “Sumqayıt”

Hakimlər: Ramil Diniyev, Azər Əsgərov, Vüqar Bayramov, Vüsal Qənbərov

Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, Ömər Paşayev

AFFA nümayəndəsi: Mübariz Hüseynov

Hakim-inspektor: Vüsal Əliyev

Masazır. “Əlincə Arena”

Qeyd edək ki, turun əvvəlki oyunlarında “İnter” səfərdə AZAL-ı 3:1, “Qəbələ” “Zirə”ni 2:0 hesabı ilə məğlub edib. “Kəpəz” – “Qarabağ” oyununda isə qalib müəyyənləşməyib - 1:1.

E.Ə.

0
11