Vüqar Bayramov: “Lombardlara nəzarət gücləndirilməlidir”

Vüqar Bayramov: “Lombardlara nəzarət gücləndirilməlidir”

“ Nə Mərkəzi Bank, nə də Maliyyə Bazarlarına Nəzarət Palatası lombardlara “qırmızı işıq” yandırmağa tələsmir. Halbuki, söhbət sayı on minlərlə ifadə edilən vətəndaşlarımızın müxtəlif formada aldadılmasından gedir”.

Lent.az-ın məlumatına görə, bunu iqtisadçı-ekspert Vüqar Bayramov deyib.

V. Bayramovun sözlərinə görə, banklar ilə problemləri yoluna düşməmiş vətəndaşların lombardlar ilə də çətinlikləri dərinləşməkdədir və vətəndaşları “borc bataqlığına” sürükləyən lombardların fəaliyyətinə dövlət qurumları sözün həqiqi mənasinda “yaşıl işıq” yandırıblar:

“Nə Mərkəzi Bank, nə də Maliyyə Bazarlarına Nəzarət Palatası lombardlara “qırmızı işıq” yandırmağa tələsmir. Halbuki, söhbət sayı on minlərlə ifadə edilən vətəndaşlarımızın müxtəlif formada aldadılmasından gedir. Banklardan kredit ala bilməyənlər lombardların bahalı borclarından istifadə etmək məcburiyyətində qalıblar. Məsələ heç də bəzi lombardlar ilə bağlı açılan cinayət işləri ilə tamamlanmır. Aylıq orta hesabla 5 faiz borc təklif edən lombardlar nəticədə illik 60 faizlik kredit xəttindən bəhrələnirlər. İstehlak kreditləri üzrə illik faizin 29-dan çox olmaması ilə bağlı Mərkəzi Bankın qadağalarının isə bu borclara heç bir aidiyyəti yoxdur”.

İqtisadçı-ekspert bildirib ki, digər tərəfdən, girov kimi götürülən qızıl-zinət əşyalarının dəyişdirilməsi və bəzi hallarda geri qaytarılmaması faktları da ənənəvi hal almağa başlamaqdadır: “ Bunların səbəbi isə lombardların fəaliyyətinə, demək olar, heç bir nəzarətin olmamasıdır”.

V.Bayramov məhz bu problemin həlli üçün əvvəla, lombardların fəaliyyətinə Maliyyə Bazarlarına Nəzarət Palatasının nəzarət etməsinə ehtiyac olduğunu vurğulayır:”  Nəzarətsiz qalan bəzi lombardlar müştərilərini aldatmaqda daha həvəsli görsənirlər. İkincisi, banklarda olduğu kimi lombardlarda da illik faizlərin limitləşdirilməsinə ehtiyac var. Bazar qanunlarına ziddi olsa da indiki halda inzibati metodlardan istifadə, təəssüf ki, qaçılmazdır. Bu halda lombardlar da illik 29 faizdən artıq faiz ala bilməyəcəklər ki, nəticədə onların bankların qeyri-rəsmi filialları kimi fəaliyyəti də məhdudlaşacaq. Üçüncüsü, lombardlar üçün məcmu kapital və digər öhdəliklərin tətbiqinə ehtiyac var ki, onların məsuliyyətini artırmaq və fəaliyyətlərinə nəzarəti gücləndirmək mümkün olsun. Dördüncüsü, girovlar ilə bağlı konkret məcburi qaydaların işlənib tətbiq edilməsinə ehtiyac var ki, borc götürənin əsl girovunu geri almaq problemi olmasın. Bunların reallaşdırılması çox vacibdir. Əks halda zirzəmilərdə və yarı-zirzəmilərdə fəaliyyət göstərən lombardların sayına uyğun olaraq aldadılan vətəndaşların da sayında da artımlar olacaq”.

0
21