Lənkəran yeni teatr mövsümünə start verdi

Lənkəran yeni teatr mövsümünə start verdi

Bu gün Lənkəran Dövlət Dram Teatrı özünün 126-cı mövsümünə başlayıb.  APA-nın cənub bürosunun məlumatına görə,  bu münasibətlə keçirilən açılış mərasimində teatrın direktoru Tofiq Heydərov,  baş rejissoru Tural Mustafayev, aparıcı aktrisaları, xaq artisti Böyükxanım Əliyeva və Şahrud Mehdiyeva çıxış edərək kollektivin ötən mövsümdə qazandığı nailiyyətlərdən, cari mövsümdə qarşıda duran vəzifələrindən danışıblar.

Bildirilib ki, bu il teatrın truppası Bəham Beyzayinin “İlan Sultan” tamaşası ilə qonşu İran İslam Respublikasının paytaxtında keçirilən Beynəlxalq teatr festivalında mükafata layiq görülüb. Kollektivin həmçinin may ayında iki tamaşa ilə Bakıda paytaxt tamaşaçıları qarşısında hesabat xarakterli çıxışı da maraq doğurub.

Hazırda teatrda “YUĞ” teatrının baş rejissoru Gümrah Ömərin quruluşunda M.F.Axundzadənin “Hacı Qara” komediyası tamaşaya hazırlanır. Paralel olaraq  daha iki səhnə əsərinin – italyan dramaturqu Lüidji Lunarinin “Üç nəfər yelləncəkdə” və Abdulla Şaiqin “Qoç Polad”  əsərləri üzərində də iş gedir. Cari mövsümdə teatrda həmçinin bir neçə uşaq əsərinə də müraciət olunacaq.

Açılış mərasimindən sonra Əli Vəlioğlunun “Əsrlərin harayı” tamaşası təqdim olunub. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının baş rejissoru, əməkdar incəsənət xadimi Bəhram Osmanovun quruluş verdiyi bu səhnə əsəri qədim Azərbaycan dövlətinin yaranması, yurd sevgisi, bu dövlətin daim azad və firavan şəraitdə bərqərar olması, eləcə də qədim türk hökmdarının səhvi ucbatından həmin dövlətin dağılıb parçalanması kimi məsələlərdən bəhs edir.

Tamaşanın quruluşçu rəssamı Tərlan Sadıqov, bəstəkarı Rüfət Ramazanovdur. Əsas rolları  teatrın aparıcı aktyorlarından əməkdar artistlər Təvəkkül Əliyev və Sucəddin Mirzəyev, Aynur Əhmədova, Əlibala Əsgərov, Niftulla Əsgərov, Miraslan Ağayev, Sayad Əliyev, Şəbnəm Hüseynova, Rauf Zeynalov və digərləri ifa ediblər.

0
12