Yunan-Roma üzrə iki güləşçimiz dünya çempionatının finalına yüksəlib

Yunan-Roma üzrə iki güləşçimiz dünya çempionatının finalına yüksəlib

Makedoniyanın paytaxtı Skopye şəhərində Beynəlxalq Hərbi İdman Şurasının (CİSM) təşkilatçılığı ilə keçirilən güləş üzrə hərbçilərin 31-ci dünya çempionatı davam edir. Lent.az-ın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Yunan-Roma güləş növü üzrə turnirin ikinci günündə üç təmsilçimiz - Rafiq Hüseynov (80 kq), İslam Abbasov (85 kq) və Orxan Ələkbərov (98 kq) yarışlarda iştirak ediblər.

İlk olaraq 98 kq çəki dərəcəsində yarışa qatılan güləşçimiz Orxan Ələkbərov rəqibinə cüzi xal fərqi ilə məğlub olaraq çempionatda iştirakını dayandırıb. 
Sonra 85 kq çəki dərəcəsində həmyerlimiz İslam Abbasov bütün rəqiblərinə qalib gələrək finala yüksəlib. O, əvvəlcə alban rəqibi Alban Necajı, sonra Ukrayna güləşçisi Aleksandr Şişmanı və yarımfinalda Əlcəzair idmançısı Aem Boudjemlini məğlub edib. Birinci yer uğrunda mübarizədə İ.Abbasovun rəqibi Rusiya Federasiyasının nümayəndəsi Yevgeniy Sazeyev olacaq.
Digər güləşçimiz Rafiq Hüseynov da finala vəsiqə uğrunda ardıcıl olaraq yunanıstanlı Nikolaos Varkası, makedoniyalı Qoran Atanasovu və ukraynalı Anriy Belıxı məğlub edib. Qızıl medal uğrunda mübarizədə o, almaniyalı güləşçi Pascal Eisel ilə qarşılaşacaq.
Qeyd edək ki, final görüşləri axşam saatlarında keçiriləcək.

0
10