Güləşçilərimizdən dünya çempionatında 4 medal

Güləşçilərimizdən dünya çempionatında 4 medal

Makedoniyanın paytaxtı Skopye şəhərində Beynəlxalq Hərbi İdman Şurasının (CİSM) himayəsi altında keçirilən güləş üzrə hərbçilərin 31-ci dünya çempionatı davam edir.

MOİK-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, çempionatın üçüncü günündə - sentyabrın 23-də yunan-Roma güləşi üzrə idmançılarımız yarışlara qatılıblar.

Boris Traykovski adına İdman Mərkəzində keçirilən turnirdə güləşçilər 59, 66, 71 və 75 kq çəki dərəcələrində yarışıblar. Güləşçilərimiz günü 1 qızıl, 1 gümüş və 2 bürünc medalla başa vurub.

71 kq-da mübarizə aparan Həsən Əliyev bütün görüşlərini qələbə ilə başa vuraraq çempionatın qızıl medalına sahib olub. Güləşçimiz finalda Rusiya idmançısı Adam Kurakdan üstün olub.

66 kq çəkidə yarışan Kamran Məmmədov da final görüşündə xalça üzərinə çıxıb. Amma o, rusiyalı idmançı Aleksey Kiyankin ilə qarşılaşmada uduzaraq gümüş medalla kifayətlənib.

Digər iki güləşçimiz - Murad Məmmədov (59 kq) və Sənan Əlimirzəyev (75 kq) yığmamıza bürünc medalları qazandırıb. Onlar müvafiq olaraq, Ukrayna nümayəndəsi Yevgeni Myaqki və Almaniya təmsilçisi Yuretsko Adam üzərində inamlı qələbə qazanıblar.

Çempionatın son günündə 80, 85, 97 və 130 kq-da yunan-Roma güləşçiləri yarışacaq.

Qeyd edək ki, buna qədər sərbəst güləş yarışlarında Azərbaycan idmançıları üç - bir qızıl, bir gümüş və bir bürünc medal qazanıblar.

0
8