Nazir: Torpaqların azad edilməsi regionda tam əməkdaşlığa imkan yaradacaq

Nazir: Torpaqların azad edilməsi regionda tam əməkdaşlığa imkan yaradacaq

Ermənistan hərbi qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması və qaçqın və məcburi köçkünlərin öz evlərinə geri qayıtması nəinki Cənubi Qafqazda sülh və təhlükəsizliyə töhfə verəcək, həmçinin bütövlükdə QDİƏT regionunda tam əməkdaşlığın genişləndirilməsinə imkan yaradacaq.

XİN-dən Oxu.Az-a verilən məlumata görə, bunu Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun Nyu-Yorkda QDİƏT-ə üzv dövlətlərin Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclasında çıxışı zamanı bildirib.

Nazir deyib ki, regional əməkdaşlıq çərçivəsində işbirliyi üçün geniş imkanların olmasına baxmayaraq, sülh və təhlükəsizliyə olan çağırışlar hələ də regionun davamlı inkişafına əngəl yaradır:

“Qonşu Ermənistanın Azərbaycana qarşı davam edən hərbi təcavüzü və beynəlxalq hüquq və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini kobud surətdə pozmaqla Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20%-ni işğal etməsi regional əməkdaşlıq və dayanıqlı inkişafa hələ də ciddi təhdid təşkil edir”.

Onun sözlərinə görə, Azərbaycan QDİƏT-in təsisçi üzvlərindən biri kimi təşkilatın regionda oynadığı mühüm rolu anlayır:

“Biz təşkilatın səmərəliliyinin möhkəmləndirilməsində maraqlıyıq. Biz QDİƏT daxilində islahatlar prosesini dəstəkləyirik və hesab edirik ki, bu proses təşkilatın qlobal inkişaf gündəliyinin dəyişən reallıqlarına daha yaxşı uyğunlaşmağa və üzv dövlətlərin ehtiyaclarına daha yaxşı cavab verməyə kömək edəcək. Ümumilikdə islahatlar prosesi QDİƏT-in daimi beynəlxalq katibliyini möhkəm peşəkar icraçı quruma çevirməyə gətirib çıxarmalı və qəbul edilmiş qərarları daha səmərəli icra etməlidir”.

S.B.

0
17