Ramin Musayev: Ümid PFL-in kamerasına qalıb - MÜSAHİBƏ

Ramin Musayev: Ümid PFL-in kamerasına qalıb - MÜSAHİBƏ

Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayevin apasport.az saytına müsahibəsi

- Topaz Premyer Liqasının cari mövsümünün 5 turu artıq geridə qalıb. Çempionatın gedişi sizi qane edirmi?

- Hələlik pis deyil. Çempionat gərgin keçir. Hər oyunda bunun şahidi oluruq. Klublar hər xal itkisinə görə həyəcan keçirirlər. Əvvəllər, komandaların sayı çox olanda elə oyun var idi ki, orda cavan hakimin sınanılması üçün razılıq verirdik. Ancaq bu çempionatda elə bir görüş yoxdu ki, ora hər hansı gənc hakim sınaqdan keçirilmək üçün göndərilsin.

- Amma oyunlarda qeydə alınan nəticələr matçların gərgin keçdiyini göstərmir. “Qəbələ” “Neftçi”nin qapısından 8 top keçirir, “Qarabağ” AZAL-a 6 qol vurur...

- Kim inanardı ki, “Qəbələ” səfərdə “Neftçi”nin qapısından 8 top keçirəcək? Heç kim inanmırdı. Bu, klubun daxilindəki bəzi problemlərdən yaranan iş idi. Gəlin, bunu çempionatın ayağına yazmayaq.

- Premyer Liqa ilə müqayisədə, I divizionda rəqabətin daha gərgin keçdiyini düşünənlər az deyil. “Turan Tovuz”un təcrübəli baş məşqçisi Əsgər Abdullayev də bu fikri səsləndirib...

- Hazırda televiziya vasitəsilə I divizion oyununa (“Qaradağ Lökbatan” – “Səbail” matçını nəzərdə tutur – T.M.) baxıram. “CBC Sport” telekanalının rəhbərliyinə təşəkkürümü bildirirəm. Artıq I divizionun maraqlı görüşlərini də televiziya vasitəsilə izləməyə imkanımız var. Bəli, bu il I divizionda daha böyük gərginlik yaranıb. Niyə? Çünki orda çıxış edən klublar gördülər ki, artıq lisenziya almamış komanda Premyer Liqaya vəsiqə qazana bilmir. Artıq klublar həm lisenziyalaşdırma məsələsi ilə daha ciddi məşğul olurlar, həm də çempionatla. Mənə elə gəlir ki, I divizion bu səviyyədə davam etsə, növbəti çempionata ordan 3 yox, bəlkə də 5 komanda gəlməli oldu. I divizionda gənc futbolçularımıza şans verilir, onlar da özlərini göstərirlər.

- Cari mövsümdəki hakimlik haqda danışaq. III turdan təxirə salınmış və dünən keçirilən “Qəbələ” – “Sumqayıt” matçındakı idarəçilik, əsasən də, Baqali Dabonun vurduğu ilk qol çox müzakirə olunur. Əksəriyyət həmin epizodda ofsaydın olduğunu düşünür. Hətta sosial şəbəkədə gedən müzakirələrdə PFL-in kameraları ilə çəkilmiş görüntülərə ehtiyac yarandığını deyənlər də var...

- Bəli, düzdü, ümid PFL-in kamerasına qalıb (gülür). Bizim o oyunda cəmi 2 kameramız olub. Əgər “CBC Sport”un 9 kamerasından edilən çəkilişdən epizodu ayırd edə bilmirlərsə, hakim onu necə ayırd etsin? Odu ki, bütün günahı hakimin üstünə atmağın özü günahdı. Bəli, hakim orda səhvə yol verib. Özü də təkcə yan xətt hakiminin yox, hər iki hakimin səhvi var. Çempionat yeni başlayıb və gərgin oyunlar gedir. Gərginlik varsa, orda səhv də olur. Təkrarçılıq kimi çıxmasın, bizə vacibdi ki, qərəz olmasın. Səhvdən heç kim sığortalanmayıb. Avrokubok oyunlarındakı hakim səhvlərini görürük. Mən deyərdim ki, bizim referilər onlardan qat-qat artıqdılar.

- Hazırda turnir cədvəlinə başçılıq edən “Qəbələ” çempionluq titulunu son 3 mövsümün qalibi “Qarabağ”ın əlindən ala bilərmi?

- Siz niyə ancaq “Qəbələ” və “Qarabağ”ın adını çəkirsiz? “İnter” də pis oyun göstərmir. Eyni zamanda, “Zirə”, “Sumqayıt” və digər komandaları qeyd edərdim. Qarşıda çox oyunlar var, tələsmək lazım deyil.

- Vaxtilə “Neftçi”də çalışmısız. Bu klubun hazırkı vəziyyəti sizi narahat edirmi? “Neftçi” niyə bu hala düşüb?

- Vallah, komandanın niyə bu hala düşdüyünü bilmirəm. Bunun üçün gərək “Neftçi”nin içində olasan. Mən komandanın içində deyiləm, konkret söz deyə bilmərəm. Lakin “Neftçi”nin hazırkı durumu, həqiqətən də, ürəkaçan deyil.

- Azarkeşlər, demək olar ki, hər oyunun gedişində Müşahidə Şurasını istefaya səsləyirlər...

- Müşahidə Şurasının çox üzvünü tanıyıram, hamısına böyük hörmətim var. Artıq klubda yeniliklər var. İnanıram ki, o yeniliklər müsbətə doğru dəyişiklərə səbəb olacaq.

0
12