Bakıda Ferrari 488 Spider təqdim olundu – FOTO

Bakıda Ferrari 488 Spider təqdim olundu – FOTO

Avtomobilin maksimal sürət həddi 325 km/saat təşkil edir.

Aprelin 15-də Ferrari Bakı Mərkəzində dünyanın məşhur idman avtomobilləri istehsalçısı Ferrari şirkətinin yeni modeli - Ferrari 488 Spider sportkarı təqdim olundu.

Oxu.Az xəbər verir ki, Ferrari-nin Azərbaycandakı rəsmi distribüteri Avtolux-Azerbaijan LLC şirkəti tərəfindən təşkil olunan tədbirdə tanınmış simalar, media mənsubları və Ferrari markasının pərəstişkarları toplaşmışdılar.

Tədbirin əsas qonağı isə İtaliyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Campaolo Kutillo idi. Çıxışında uğurlu Azərbaycan-İtaliya əməkdaşlığından danışan səfir Kutillo həmçinin tədbirin qonaqlarını iyunun 17-19 tarixlərində Bakıda keçiriləcək Formula-1 Qran-Prisində İtaliya komandası olan Ferrari-yə dəstək olmağa çağırıb.

Təqdimat mərasimindən öncə təşkil edilmiş mətbuat konfransında şirkətin baş direktoru İbrahim Əhmədov və brend meneceri Azər Cəlilov çıxış edərək, toplaşanları yeni avtomobil haqqında məlumatlandırdılar və jurnalistlərin suallarını cavablandırdılar.

Qeyd olundu ki, Ferrari 488 Spider modeli faktiki olaraq 488 GTB kupesinin açıq kuzovlu variantıdır.

Yeni avtomobil yüksək texnologiyalı açılan sərt dam örtüyü ilə təchiz edilib. Ferrari 488 Spider modelinin ilk rəsmi  təqdimat mərasini keçən ilin payızında keçirilmiş Frankfurt avtosalonunda baş tutub.

Yeni modeldə ilk dəfə olaraq Retractable Hardtop – irəli çıxan sərt tavan texnologiyası tətbiq olunub. Yeni avtomobilin uzunluğu 4568 mm, eni 1952 mm, hündürlüyü isə 1211 mm bərabərdir.

Təkər bazası 2560 mm olan Ferrari 488 Spider sportkarının çəkisi isə cəmi 1420 kq təşkil edir.

Belə az çəkiyə nail olmaq üçün avtomobilin konstruksiyasında yüngül metallar, alüminium və maqnezium qarışıqlı 11 növ qatışıqdan istifadə edilib.

Ən yeni Ferrari-nin 3,9 litr həcmində turboüfürməli V8 mühərriki 661 at gücü və 760 nm fırlanma anını təmin edir. 7 pilləli robotlaşdırılmış sürət qutusu ilə təchiz olunmuş 488 Spider 0-100 km/saat sürətlənməyə cəmi 3, 200 km/saat həddinədək sürətlənməyə isə 8,7 saniyə sərf edir.

Avtomobilin maksimal sürət həddi 325 km/saat təşkil edir.

Elvin Əhmədov

0
17