“Mançester Siti” sərt cəzaya məruz qala bilər

“Mançester Siti” sərt cəzaya məruz qala bilər

“Mançester Siti” klubu sərt cəzaya məruz qala bilər. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, “şəhərlilər” 18 yaşı tamam olmayan Benjamin Qarreni qeyri-qanuni yolla transfer etməkdə günahlandırılır.

Bununla bağlı futbolçunun əvvəlki klubu “Velez Sarsfild” FİFA-ya şikayət edib. Klubun yaydığı informasiyaya görə, “şəhərlilər” bu keçid müqabilində 1,2 milyon avro təklif edib, ancaq onlar razılıq verməyiblər. Daha sonra isə ingilislər argentinalının İtaliya vətəndaşlığı olmasını əsas tutaraq, 16 yaşında onu heyətə qatıblar. “Velez Sarsfild” rəhbərliyi isə bu keçid baş tutanda Qarrenin 15 yaşı olduğunu iddia edib. “Mançester Siti” rəhbərliyi bu iddianı rədd edib və üstəlik, Qarre ilə 16 yaşdan sonra müqavilə imzalandığını bildirib. Hazırda mançesterlilərin ehtiyat komandasında yer alan Benjamin Qarre yayda əsas komandanın təlim-məşq toplanışında iştirak edib. Məsələni araşdıracaq FİFA “Mançester Siti”ni günahkar bilərsə, kluba transfer qadağası sanksiyası tətbiq edəcək.

FİFA-nın qanunlarına görə, Avropa Birliyinə (AB) daxil olmayan ölkələrin vətəndaşları 18 yaşdan tez bu qitədə oynaya bilməzlər. AB ölkələrinin vətəndaşlığı olan oyunçular isə 16 yaşdan sonra başqa ölkəyə yollana bilər.

Qeyd edək ki, İspaniya nəhəngləri “Real” və “Atletiko” məhz azyaşlı futbolçuların transferində qanunsuzluğa yol verdikləri üçün iki dönəm transfer etmək hüququndan məhrum ediliblər.

0
7