“Lider” TV-də yeni layihələr – FOTO

“Lider” TV-də yeni layihələr – FOTO

“Deyilənə görə” efirinə “Antivirus” yüklənən “Lider” televiziyasında hamının “Fit” olacağı “Analar məktəbi” açılır. Söhbət yeni mövsümdən “Lider” TV-də yayımlanacaq layihələrdən gedir.

Oxu.Az xəbər verir ki, artıq xeyli vaxtdır anonslarını izlədiyiniz verilişlər “MZ Production” tərəfindən hazırlanır.

Həftəiçi beş gün, saat 16:00-dan 17:00-dək yayımlanacaq “Antivirus” həyatınıza yüklənərək sizi bütün xəstəliklərdən qoruyacaq. Peşəkar dietoloq Leyla Zülfüqarlının aparıcısı olduğu verilişdə sağlamlığınızla bağlı sizi narahat edən suallara cavab tapacaqsınız.

Həftənin cümə günü, saat 22:00-dan 23:30-dək “Deyilənə görə”də heç nə gizli qalmayacaq. Efir məkanında yeni görünəcək aparıcı Naid Şadxan sizi yerli və əcnəbi ulduzlardan xəbərdar edəcək.

Hər şənbə, saat 14:00-da “Fit”i izləsəniz əbədi gözəlliyin sirrini biləcəksiniz. Aparıcı Xəyalə Hüseynlini isə “Fit”də yeni obrazda görəcəksiniz.

Bazar günləri, saat 15:00 ilə 16:00 arasında “Analar məktəbi” görüşünüzə gələcək. Aparıcı Könül Şahzadənin təqdimatında bütün analar öz təcrübələrini bölüşərək sağlam ailə üçün çalışacaqlar.

Qeyd edək ki, “MZ Production” Azərbaycan Televiziyasında hər bazar, saat 19:00-da yayımlanan “Mən azərbaycanlıyam” və həftəiçi hər gün, saat 19:20-də təqdim olunan “MAG” verilişlərini də istehsal edir.

Yeni mövsümdə “Lider” televiziyasında yayımlanacaq adıçəkilən proqramların informasiya dəstəyi Oxu.Az İnformasiya Agentliyidir.

Aytən Sadıqzadə

0
25