Dünya bazarlarında neftin qiyməti ucuzlaşır, “AzeriLight” isə bahalaşıb

Dünya bazarlarında neftin qiyməti ucuzlaşır, “AzeriLight” isə bahalaşıb

Qiymətlərin ucuzlaşmasına səbəb İranla Səudiyyə Ərəbistanının hasilatın dondurulması ilə bağlı razılığa gəlməməsi olub. Azərbaycan neftinin qiyməti bahalaşıb.

Oxu.Az xəbər verir ki, “AzeriLight” markalı neftin 1 barelinin qiyməti 0,93 dollar və ya 1,96% artaraq 48,50 dollar təşkil edib.

Bununla belə, dünya bazarında neftin qiyməti ucuzlaşır.

Belə ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,53 dollar azalaraq 45,79 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,41 dollar azalaraq 47,24 dollar olub.

APA-nın məlumatına görə isə, neftin ikigünlük bahalaşmasından sonra ucuzlaşmasına OPEK-in Əlcəzairdə keçiriləcək görüşü ərəfəsində Səudiyyə Ərəbistanı ilə İran arasında neft hasilatının müəyyən səviyyədə dondurulması ilə bağlı razılığın əldə olunmaması və danışıqların hələ də davam etməsi səbəb olub.

Qeyd edək ki, gələn həftə Əlcəzairdə beynəlxalq energetika forumu çərçivəsində OPEK-in qeyri-rəsmi görüşünün keçirilməsi planlaşdırılır. Görüşdə OPEK ölkələri və neft hasilatı ilə məşğul olan digər dövlətlər arasında hasilatın dondurulma səviyyəsi barədə danışıqların bərpa olunacağı gözlənilir.

U.A.

0
33