Moskvadakı “Prezident” hoteli separatçılara “yox” dedi

Moskvadakı “Prezident” hoteli separatçılara “yox” dedi

Separatçı rejimlərin sentyabrın sonunda Rusiya paytaxtında keçiriləcək toplantısının yeri dəyişdirilib.

Oxu.Az xəbər verir ki, APA-nın Moskva müxbirinin əldə etdiyi məlumata görə, Rusiya Prezident Administrasiyasının İşlər İdarəsinin balansında olan “Prezident” hoteli məlum toplantını keçirməkdən imtina edib.

“Millətlərin dialoqu. Öz müqəddəratını təyinetmə hüququ və çöxqütblü dünyanın inşası” adlı II beynəlxalq konfransın təşkilatçısı olan Rusiya Antiqlobalist Hərəkatından verilən məlumata görə, tədbir sentyabrın 25-də Moskvadakı “Ritz-Carlton” hotelində keçiriləcək. Məlumatda toplantının yerinin dəyişdirilməsi konfransa olan böyük maraq və iştirak üçün çoxsaylı müraciətlərin olması ilə izah edilib.

Bundan başqa, məlumatda konfrans iştirakçılarının siyahısı da göstərilib. Əvvəlki siyahıdan fərqli olaraq, Dağlıq Qarabağ, Cənubi Osetiya və Abxaziya separatçıları iştirakçılar arasında qeyd olunmayıb.

Lakin Antiqlobalist Hərəkatından bildirilib ki, yaydıqları son press-relizdə qondarma Dağlıq Qarabağ rejiminin adı iştirakçılar siyahısından çıxarılsa da, onların nümayəndələrinin tədbirdə iştirakı gözlənilir.

Konfransda Texas, Kaliforniya, Havay, Puerto-Riko, İrlandiya, Kataloniya, İtaliya, Qərbi Saxara, Donets və Luqansk nümayəndələrinin iştirak edəcəyi bildirilib.

Qeyd edək ki, konfransın keçiriləcəyi “Ritz-Carlton” mehmanxanası əslində “Prezident”dən çox kiçikdir. “Prezident” Moskvanın ən böyük hotellərindən biri hesab olunur. Ona görə də, təşkilatçının konfransın yerinin dəyişdirilməsi ilə bağlı göstərdiyi səbəb inandırıcı deyil.

S.B.

0
10