Daşa dönmüş insanlar, saçını darayan su pərisi, 78 min gölün sirri... – SƏBUHİ MƏMMƏDLİ YAZIR – I YA

Daşa dönmüş insanlar, saçını darayan su pərisi, 78 min gölün sirri... – SƏBUHİ MƏMMƏDLİ YAZIR – I YA

Burda, bu respublikada 78 min göl var. Hə, təəccüblənməyin bu qədər. Ərazisinin 7 milyon hektarı bataqlıqlarla örtülüdür. Bataqlıqların altı isə qızılla, yəni neftlə, qazla. Dünyada yeganə yerdir ki, Mendeleyevin tərtib etdiyi məşhur cədvəldəki kimyəvi elementlərin hamısına bu torpaqlarda rast gəlmək olar. Ərazisi Azərbaycandan 6 dəfə böyükdür. Əhalisi isə 12 dəfə az – 800 min nəfər. 70 faizi meşəlikdir, tayqadır buraların. Amma bu meşəliyin 20 faizinə hələ insan ayağı dəyməyib.

Əfsanələr, rəvayətlər dolaşır buralarda. Buraların yerləri və adamlarıyla bağlı. Qar adamların varlığından tutmuş, Timofey babanın öz gözüylə gördüyünü iddia etdiyi saçını darayan su pərisinədək...

***

Bura Komidir. Bir ucu Şimal qütbünə dirənən Komi. Azərbaycan mediasına bura Sıktıvkarın qəzet kağızıyla tanışdır. Neftçilərinə Uxtayla. Ömrü həbsxanalarda keçənlərə isə Vorkutayla. QULAQ-ın dəhşətli həbsxanalarıyla. Adı gələndə damarlarda qan donduran repressiya düşərgələriylə.

Komidən yazacağıq. Rusiyanın əsrarəngiz təbiəti ilə fəxr edə biləcəyi əyalətindən, altı və üstü zəngin bir diyardan, oradakı azərbaycanlılardan, gördüklərimizdən, eşitdiklərimizdən, inanılmaz, ağlagəlməz olaylardan…


***

Bakıdan Komiyə, daha doğrusu, onun paytaxtı Sıktıvkara birbaşa təyyarə reysi yoxdur. Ya gərək Moskva üzərindən uçasan, ya da Sankt-Peterburqdan. Rusiya paytaxtından Sıktıvkara gündə iki dəfə hava reysi var. 2 saatlıq uçuşdan sonra təyyarə səni Sıktıykar aeroportuna endirir. Yolunuz düşsə, – hətta gecə yarısı belə - qəti narahat olmayın. Aeroport düz şəhərin ortasındadır. Hə, təəccüblənməyin. Aeroportun binasından çıxan kimi elə ilk sveteforla qarşılaşacaqsınız. Sıktıvkar özü də böyük şəhər deyil. Təsəvvür edin, aeroportdan qaldığımız məkana taksi bizi 100 rubla apardı. Necə deyərlər, havayı - bizimi pulla 2 manat 30 qəpiyə! Sonradan yerli taksi xidmətlərinin birindən öyrənəcəydik ki, 300 rubla taksi sifariş verib, şəhərin hər yerini, bir sözlə, görməli yerlərini birnəfəsə gəzmək olar.

Görməli yer deyəndə, Sıktıvkar tipik sovet şəhəridir ki, durur. Zərrə qədər dəyişməyib. Ara-sıra yeni tikilən binalar və ticarət mərkəzlərini nəzərə almasaq, adama elə gəlir ki, burada sovet hökumətinin dağılmasından xəbərsizdirlər. Yolları acınacaqlı vəziyyətdədir. Azərbaycanın ən ucqar rayon mərkəzində belə buradakı kimi bərbad yol yoxdur. Amma Komi respublikası federal büdcəyə ən çox qazandıran subyektlərdəndir. Bunu mən demirəm, rəsmi statistika deyir. Deyilənə görə, respublikanın keçmiş rəhbəri Vyaçeslav Qayzer də elə bunun qurbanı olub. Rəsmi Kremldən tələb edirmiş ki, Komi federal büdcəyə verdiyi puldan müəyyən hissəsini özün də saxlasın. Amma sonradan Qayzer və bir sıra müavinləri korrupsiyada, mütəşəkkil cinayətkar dəstə formalaşdıraraq dövlət vəsaitlərini talan etməkdə və digər iqtisadi cinayətlərdə ittiham olundular. Bu, Rusiyada son illərdə keçirilən ən iri antikorrupsiya əməliyyatlarından biri hesab edilirdi. Başqa bir mənbənin dediyinə görə, Qayzerin həbsinin səbəbi Komi nefti uğrunda mübarizədir. Bir qdər əvvələdək Komidə neft məsələsində Vahid Ələkbərovun “Lukoyl”u əsas oyunçu olub. İndi bura başqa şirkətlər girmək istəyir.

***

Neftdən söz düşmüşkən, neft və qaz, eləcə də kömür, civə, nikel... daha nə bilim nələr - bayaq nahaq yerə Mendeleyeyin cədvəlini xatırlamadıq – buralarda boldur. Necə deyərlər, hamıya çatar, dava etməyə ehtiyac yoxdur. Buradan hasil olunan neftin tarixi isə lap uzaqlara gedib çıxır. 1745-cı ildə Uxta çayında Fyodor Pryadinov tərəfindən neftin emalı barədə arxiv materialları var. Emalı dedikdə, neft elə bir metrlikdən çıxırmış. Pryadinov həmin nefti adi taxta vedrəyə yığıb satırmış. Vəssalam. Tezliklə neft barədə çar Rusiyasının paytaxtı Peterburqda xəbər tutublar. Elə Pryadinovun özünü tutub Peterburqa aparıblar: Bu nədi belə satırsan və özü də od vuran kimi yanır? Pryadinov isə and-aman edir ki, bunu yerdən çıxarıb. Və…və yanır. Məhz bu hadisədən sonra Rusiya Uxtaya böyük bir ekspedisiya göndərir.

Nefti qoyaq kənara hələ ki. Sıktıvkardan danışırdıq axı...


Sıktıvkar Sısola və Vıçeqda çaylarının qovuşduğu yerdə yerləşən ən böyük şəhərdir.

Hələ 1586-cı ildə Sısola və Vıçeqda çaylarının qovuşduğu yerdə yerləşən Ust-Sısolsk, necə deyərlər, karvansara kimi tanınırdı. 1780-ci ildə Yekaterinanın fərmanı ilə Ust-Sısolsk şəhərə çevrildi. "Sıktıv" - Sısola çayının Komidə qəbul edilmiş adıdır. 1930-cu ildə, şəhərin 150 illik yubileyində , şəhərin adı dəyişdirilərək Sıktıvkar adlandırılıb. 5 dekabr 1936-cı ildən Sıktıvkar Komi respublikasının paytaxtıdır.

***

Respublikanın ikinci ən böyük şəhəri Uxtadır. Maraqlı şəhərdir Uxta. Məsələn, bu şəhərlə bağlı bir neçə fakt deyim. Neftlə zənginliyinə görə, təbii, Tümenə uduzar. Amma Tümen və ətrafında hər yer demək olar ki, kəşf edilib. Burada isə xam yerlər çoxdur. Uxta Ginnesin Rekordlar kitabına düşüb. Leninin kəlləsinə qoyulmuş abidəyə görə. Hə, kəllə heykəlinin hündürlüyü 35 metrdir. Burada məşhur Pavlik Morozovun abidəsi hələ də durur. Amma bununla bərabər dünyanın ən böyük kəpənək muzeyi də bu şəhərdə yerləşir. Daha doğrusu, bu şəhərin 3 saylı məktəbində. 100 minə yaxın kəpənək qurusu var burada. Necədir sizin üçün, kəpənək həvəskarları?

Kəpənəklərdən keçək e, başqa möcüzələr var ki, hələ Rusiya və dünya bunun üzərində baş sındırır. Komidə Vıçeqda və Peçora çayları arasında Manpupunyer deyilən yer var. Rusiyanın 7 möcüzəsindən biri sayılır. Ən balacasının hündürlüyü 7, böyüyünün hündürlüyü 35 metrə çatan daş dirəklərdir. Min əfsanə, rəvayət mövcuddur. Amma hələ də heç kim bu sirdən baş aça bilmir. Yerli mansi qəbiləsinin inancına görə, bunlar vaxtıyla adam olublar. Sonra isə meşə allahının qəzəbinə gəliblər...


***


Nəsə, bunlar yüz illər öncənin söhbətləridir, gəlin sizə Çurs ya və Oprinodan danışım. Bahoo, 2016-cı ilin bu vədələrində, tayqanın dərinliyində olan bu kəndlərlə ayda iki dəfə əlaqə saxlamaq mümkündür. Buraya yol yoxdur və hər iki kənddə üst-ütsə 40 adam yaşamır. Buralara ildə 3 dəfə gəlir yerli hökumət: o da qocalara təqaüd verməyə.

***

Yolumuz Vorkutayadı. Hə, həmin Vorkutaya. Tarixin ən amansız həbs düşərgələrinin mövcud olduğu, ağlagəlməz insan hekayələri ilə dolu Vorkutaya. Və sabah onu da biləcəksiniz ki...

Qoy qalsın, sabah daha maraqlı olacaq. Lent.az-ı oxuyun. Başqa heç yerdə olmayacaq...

0
12