Qazaxıstan SOCAR-ı “Avrasiya” layihəsinə çağırır

Qazaxıstan SOCAR-ı “Avrasiya” layihəsinə çağırır

Qazaxıstan tərəfi Azərbaycana Dövlət Neft Şirkəti (SOCAR) qismində “Avrasiya" - Xəzəryanı çökəklikdə regional geologiya və geofizika araşdırmaları beynəlxalq layihəsində iştirak etməyi təklif edib.

Oxu.Az “Interfaks-Qazaxıstan”a istinadən xəbər verir ki, bu barədə Azərbaycan-Qazaxıstan hökumətlərarası iqtisadi əməkdaşlıq komissiyasının 13-cü yığıncağının protokolunda qeyd olunub.

Bundan başqa protokola əsasən, tərəflər ortaq energetika layihələrinin həyata keçirilməsi, Xəzər dənizi regionundan neft və neft məhsullarının dünya və Avropa bazarlarına çatdırılması sahəsində marşrutların şaxələndirilməsinə istiqamətlənmiş əməkdaşlığın inkişafı, Batumi neft terminalından Azərbaycan maye qazının nəql edilməsi imkanlarının öyrənilməsini razılaşdırıblar.

Xatırladaq ki, “Avrasiya” layihəsini 2014-cü ilin sentyabr ayında Rusiya və Qazaxıstan prezidentləri işə salıblar. Layihə çərçivəsində 15 km dərinliyə malik quyuların qazılması nəzərdə tutulub. Qazma işləri nəticəsində Xəzəryanı çökəklikdə, təxminən 7-9 km dərinlikdə karbohidrogen yataqlarının kəşf edilməsi planlaşdırılıb.

Layihənin 2016-cı ildən reallaşdırılması nəzərdə tutulub. 6 il davam edəcək layihəyə 523 mln. ABŞ dolları xərc çəkiləcək. Layihəyə Rusiyanın “Lukoil”, “Rosneft”, Böyük Britaniyanın “Shell”, ABŞ-ın “Chevron”, Çinin isə “CNPC” neft-qaz şirkətləri maraq göstərir.


N.O.

www.oxu.az

0
12