Məmmədyarov BMT-nin sessiyası çərçivəsində bir sıra görüşlər keçirib – YENİLƏNİB

Məmmədyarov BMT-nin sessiyası çərçivəsində bir sıra görüşlər keçirib – YENİLƏNİB

Xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Məclisinin 71-ci sessiyasında iştirakı çərçivəsində Xorvatiyanın xarici işlər naziri Miro Kovaç ilə görüşüb.

Oxu.Az xəbər verir ki, bu barədə XİN-in mətbuat xidməti məlumat yayıb.

Məlumata əsasən, görüş zamanı Azərbaycan-Xorvatiya əlaqələrinin hazırkı vəziyyəti və inkişaf etdirilməsi yolları, iqtisadiyyat, turizm, enerji, mədəniyyət və humanitar sahədə əməkdaşlığa dair fikir mübadiləsi aparıldı. İki ölkə arasında siyasi dialoqun mövcud səviyyəsindən məmnunluq ifadə olundu.

Tərəflər birgə səylər və biznes dairələri arasında əlaqələrin təşviq edilməsi ilə ölkələrimiz arasında ticarət dövriyyəsinin artırılmasının əhəmiyyətini vurğuladılar.

Nazirlər həmçinin, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, müqavilə-hüquq bazasının genişləndirilməsi və qarşılıqlı maraq doğuran beynəlxalq məsələlər ətrafında müzakirələr apardılar.

A.M.

10:57

Xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Məclisinin 71-ci sessiyasında iştirakı çərçivəsində Türkmənistan Nazirlər Kabineti Sədrinin müavini, xarici işlər naziri Rəşid Meredov ilə görüşüb.

Oxu.Az xəbər verir ki, bu barədə XİN-in mətbuat xidməti məlumat yayıb.

Məlumata əsasən, görüşdə iki ölkə arasında əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparıldı. Ölkələrimiz arasında enerji, nəqliyyat, mədəni və humanitar sahədə əməkdaşlığın inkişaf etdirilməsi üçün əlverişli imkanların olduğu vurğulandı.

Nazirlər Azərbaycan-Türkmənistan-Türkiyə üçtərəfli əməkdaşlıq formatının əlaqələrin daha da inkişafına töhfə verdiyini qeyd etdilər. Bu xüsusda tərəflər üçtərəfli formatda energetika nazirləri və xarici işlər nazirlərinin qarşıdan gələn görüşlərinin gündəliyini müzakirə etdilər.

10:44

Xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 71-ci sessiyası çərçivəsində Əfqanıstan İslam Respublikasının xarici işlər naziri Səlahəddin Rəbbani ilə görüşüb.

Oxu.Az xəbər verir ki, bu barədə məlumatı Azərbaycan XİN-in mətbuat xidməti yayıb.

Məlumata əsasən, görüş zamanı Azərbaycan və Əfqanıstan arasında ikitərəfli münasibətlərin inkişafı və gələcək əməkdaşlıq perspektivləri, terrorizmə qarşı mübarizə və digər qarşılıqlı maraq kəsb edən məsələlər barədə ətraflı fikir mübadiləsi aparıldı.

Nazir Elmar Məmmədyarov Azərbaycan ilə Əfqanıstan arasında siyasi münasibətlərin yüksək inkişaf səviyyəsinə malik olduğunu qeyd edərək, birgə səylərlə müxtəlif sahələrdə, xüsusilə, iqtisadi-ticarət və investisiya qoyuluşu sahələrində əməkdaşlığın daha da inkişaf etdirilməsi zərurətini vurğuladı.

Nazir ölkəmizin təşəbbüsü və iştirakı ilə regionda həyata keçirilən irimiqyaslı nəqliyyat və enerji layihələrinə toxunaraq, sözügedən layihələrin regional əməkdaşlığa xidmət etdiyini və gələcək perspektivdə Əfqanıstanın da onların imkanlarından istifadə edə biləcəyini diqqətə çatdırdı.

Nazir Səlahəddin Rəbbani iki ölkə arasındakı hərtərəfli əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə edərək, Azərbaycanın ikitərəfli və çoxtərəfli əsasda Əfqanıstana göstərdiyi dəstəyin ölkəsi tərəfindən yüksək qiymətləndirildiyini vurğuladı.

A.M.

0
4