Məmmədyarov: Ermənistanın Ağdamda keçirdiyi hərbi təlimlər təxribatdır

Məmmədyarov: Ermənistanın Ağdamda keçirdiyi hərbi təlimlər təxribatdır

Xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Məclisinin 71-ci sessiyasında iştirakı çərçivəsində ATƏT-in Baş katibi Lamberto Zanier ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a bildirilib ki, görüşdə Azərbaycan və ATƏT arasında praktiki əməkdaşlığın inkişafı və ATƏT-in gündəliyində duran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Baş katib ATƏT-in Azərbaycanla praktiki əməkdaşlığı davam etdirmək əzmində olduğunu bildirib.

Elmar Məmmədyarov Azərbaycanın da praktiki əməkdaşlığın inkişafında maraqlı olduğunu qeyd edərək, bu xüsusda nəqliyyat və enerji dəhlizlərinin inkişaf etdirilməsi kimi sahələrdə əməkdaşlıq tədbirlərinin həyata keçirilməsinin faydalı ola biləcəyini nəzərə çatdırıb.

Vyana və Sankt-Peterburq görüşlərinin ruhuna uyğun olaraq, Azərbaycanın mövcud status-kvonun dəyişdirilməsi üçün substantiv danışıqlara hazır olduğunu deyən Elmar Məmmədyarov Ermənistanın yenə də danışıqlara xələl gətirmək üçün destruktiv və təxribatçı siyasət yürütdüyünü vurğulayıb.

Elmar Məmmədyarov əlavə edib ki, Ermənistanın Azərbaycanın işğal olunmuş Ağdam rayonunda başladığı hərbi məşq və təlimlər danışıqlar prosesini pozmağa yönəlmiş ciddi təxribatdır.

A.M.

0
7