Gənc Tamaşaçılar Teatrının aktyoru beynəlxalq festivalda – FOTO

Gənc Tamaşaçılar Teatrının aktyoru beynəlxalq festivalda – FOTO

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru, IX Beynəlxalq Yay Teatr Məktəbinin müdavimi Eşqin Quliyev növbəti beynəlxalq tədbirdə iştirak etmək üçün dəvət alıb. Bu dəfə aktyor Moskvada keçiriləcək “Территория” XI Beynəlxalq Müasir İncəsənət festival-məktəbində ölkəmizi təmsil edəcək.

Bu barədə Oxu.Az-a teatrın mətbuat xidmətindən bildirilib.

Festival-məktəb oktyabr ayının 10-dan 20-dək Rusiya Federasiyası Mədəniyyət Nazirliyinin və Moskva şəhəri Mədəniyyət Departamentinin təşkilatçılığı ilə baş tutacaq.

Festival-məktəbin həyata keçirilməsində əsas məqsəd Rusiya tamaşaçısının, festivalın tələbə iştirakçılarının, eləcə də Rusiyada fəaliyyət göstərən teatr universitetləri məzunlarının müxtəlif janr və məzmunda olan dünya teatr tendensiyaları ilə yaxından tanış etməkdir.

Ənənəvi olaraq festivalın tədris proqramına məşhur xarici teatr tamaşalarının nümayişi, silsilə ustad dərsləri, seminarlar, aparıcı Avropa rejissor, aktyor və xoreoqrafları ilə görüşlər daxildir. Festival hər il Rusiyanın 50 şəhərindən 100-ə yaxın teatr universitetləri tələbələrini, eləcə də mədəniyyət və incəsənət sahəsindən olan gənc mütəxəssisləri qəbul edir.

Məlumat üçün bildirək ki, Eşqin Quliyev 2015-ci ilin iyun ayında Rusiya Federasiyası Teatr Xadimləri İttifaqının və RF-in Mədəniyyət Nazirliyinin təşkil etdiyi IX Beynəlxalq Yay Teatr Məktəbində, həmin ilin sentyabr ayında isə Moskvada keçirilmiş “Artmiqrasiya 2015” III Ümumrusiya gənclərinin teatr forumunda iştirak edərək diplomlara layiq görülüb.

A.S.

0
7