Vergilər Nazirliyinə yeni səlahiyyətlər verildi

Vergilər Nazirliyinə yeni səlahiyyətlər verildi

Prezident Qanuna dəyişiklik etdi.

“Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə” 2000-ci il 25 avqust tarixli fərmanında dəyişikliklər edib.

Oxu.Az-ın APA-ya istinadən məlumatına görə, dəyişikliyə əsasən Vergilər Nazirliyinin səlahiyyətləri artırılıb.

Başqa sözlə, 20 oktyabr 2015-ci ildə Cinayət Məcəlləsinə aksiz markası ilə markalanmalı olan məhsullarla bağlı 213-1.3 və 213-1.4  maddələri əlavə edilib. Beləliklə, tütün məmulatlarının pərakəndə satışı istisna olmaqla, aksiz markası ilə markalanmalı olan məhsulları (malları) nağd qaydada xeyli miqdarda satma, belə məhsulları (malları) satış məqsədləri üçün nağd qaydada xeyli miqdarda alma min manatdan iki min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq. Eyni əməllər külli miqdarda törədildikdə  iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Fərmana edilən dəyişikliyə əsasən bu maddələrdə  nəzərdə tutulmuş cinayətlərə dair işlər üzrə ibtidai istintaq  Vergilər Nazirliyi tərəfindən aparılacaq.

Aksiz markası ilə markalanmalı olan məhsulları (malları) belə marka olmadan xeyli miqdarda satma, satış məqsədi ilə saxlama, istehsal binasının hüdudlarından kənara çıxarma və ya idxal etmə ilə bağlı cinayətlərə dair işlər üzrə ibtidai istintaqı isə bu işi başlamış Vergilər Nazirliyi və ya Dövlət Gömrük Komitəsi aparacaq. 

Aksiz markası ilə markalanmalı olan məhsulları (malları) belə marka olmadan xeyli miqdarda satma, satış məqsədi ilə saxlama, istehsal binasının hüdudlarından kənara çıxarma və ya idxal etmə min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Eyni əməllər külli miqdarda törədildikdə, təkrar törədildikdə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qeyd edək ki, aksiz markaları ilə markalanmalı olan malların siyahısına  içməli spirt, spirtli içkilərin bütün növləri, pivə (alkoqolsuz pivə istisna olmaqla) və pivə tərkibli digər içkilər və tütün məmulatları daxildir.

Azərbaycan prezidenti İlham Əliyev həmçinin “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli fərmanında dəyişikliklər edilməsi haqqında fərman imzalayıb.

Dəyişikliyə əsasən bu sahədə Ədliyyə Nazirliyinin səlahiyyəti Vergilər Nazirliyi ilə bölüşdürülüb. Məhkəmənin hökmünü, qərarını, yaxud digər aktını icra etməmə ilə bağlı cinayətlərə dair işlər üzrə ibtidai istintaq Ədliyyə Nazirliyi, vergilərin ödənilməməsi ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icra edilməməsi və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törədilməsinə münasibətdə həmçinin Vergilər Nazirliyi tərəfindən aparılacaq.

İndiyə qədər məhkəmənin hökmünü, qərarını, yaxud digər aktını icra etməmə ilə bağlı cinayətlərə dair işlər üzrə ibtidai istintaq Ədliyyə Nazirliyi (Naxçıvan Muxtar Respublikası ərazisində Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi) tərəfindən aparılıb. 

Qeyd edək ki, Azərbaycanda qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə min manatdan üç min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya eyni müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. 

Eyni əməllər vəzifəli şəxs tərəfindən törədildikdə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə dörd min manatdan altı min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ildən beş ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

0
41