Məmmədyarov ABŞ-ın müdafiə nazirliyinin rəsmisi ilə görüşüb

Məmmədyarov ABŞ-ın müdafiə nazirliyinin rəsmisi ilə görüşüb

Xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Məclisinin 71-ci sessiyasında iştirakı çərçivəsində ABŞ-ın müdafiə nazirinin Rusiya, Ukrayna və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Maykl Karpenter ilə görüşüb.

XİN-in mətbuat xidmətindən Oxu.Az verilən məlumata görə, Maykl Karpenter Azərbaycan və ABŞ arasında müdafiə sahəsində əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə edib.

O, cari ilin mart ayında iki ölkə arasında müdafiə məsələləri üzrə məsləhətləşmələrin uğurla həyata keçirildiyini qeyd edərək, bu istiqamətdə əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini vurğulayıb. M.Karpenter həmçinin Azərbaycanın beynəlxalq sülh və təhlükəsizliyə verdiyi töhfələrinin ölkəsi tərəfindən yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.

Elmar Məmmədyarov Azərbaycanın ABŞ ilə bütün sahələrdə, xüsusilə müdafiə sahəsində əməkdaşlığa önəm verdiyini bildirib. Nazir ölkələrimiz arasında siyasi dialoq və qarşılıqlı anlaşmanın vacibliyini qeyd edərək, bu məqamların praktiki əməkdaşlıq üçün əlverişli imkanlar yaratdığını vurğulayıb.

Azərbaycan XİN rəhbəri Ermənistan-Azərbaycan münaqişəsinin həlli prosesi və Ermənistanın törətdiyi hərbi təxribatları barəsində həmsöhbətə məlumat verib. Görüşdə terrorizmə qarşı mübarizə və qarşılıqlı maraq doğuran digər beynəlxalq və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

S.B.

0
22