Rövnəq Abdullayev Yunanıstanın baş naziri ilə görüşməkdə israrlıdır

Rövnəq Abdullayev Yunanıstanın baş naziri ilə görüşməkdə israrlıdır

“Azərbaycan tərəfi DESFA-nın özəlləşdirilməsi ilə bağlı müzakirələr aparmaq üçün Yunanıstanın baş naziri Aleksis Tsiprasa rəsmi sorğu göndərib”.

Oxu.Az xəbər verir ki, bu barədə APA-ya vəziyyətlə yaxından tanış olan mənbə bildirib.

“Azərbaycan tərəfi Yunanıstanın baş nazirinin administrasiyasına rəsmi sorğu göndərib və hökumət rəhbəri ilə görüşün təşkil olunmasında israrlıdır.

Azərbaycan tərəfi görüşdə DESFA-nın özəlləşdirilməsi ilə bağlı yaranan çətinlikləri müzakirə etmək niyyətindədir.

Danışıqlarda Azərbaycandan olan nümayəndə heyətinə SOCAR-ın prezidenti Rövnəq Abdullayevin başçılıq etməsi nəzərdə tutulub.

Hələlik görüşlə bağlı razılıq əldə olunmayıb. Çünki Aleksis Tsipras BMT Baş Assambleyasında iştirak etmək üçün Nyu-Yorkda işgüzar səfərdədir.

Səfər sentyabrın 26-da başa çatır. Bəzi yüksək rütbəli məmurların qeyri-konstruktiv mövqeyini nəzərə alaraq, Azərbaycan tərəfi məhz baş nazirlə görüşməkdə israrlıdır və bu görüşün baş tutacağına ümid edir. Azərbaycan tərəfini yalnız bir sual maraqlandırır:

Yunanıstan hökuməti bir iri investor olaraq SOCAR-ı ölkəsinin iqtisadiyyatında görmək istəyirmi? SOCAR DESFA-nın özəlləşdirilməsində maraqlıdır və bunu dəfələrlə müxtəlif səviyyələrdə vurğulayıb.

Lakin SOCAR tenderin qalibi olandan sonra bəzi şəxslərin qeyr-konstruktiv addımları nəticəsində mühit, şərtlər dəyişdi. Nəticədə DESFA-nın aktivləri ikiqat azaldı. Biz bu dəyişikliklərin ən ali səviyyədə müzakirəsini istəyirik”, - deyə mənbə bildirib.

U.A.

0
3