İcbari tibbi sığorta bütün ölkə üzrə nə vaxt tətbiq ediləcək?

İcbari tibbi sığorta bütün ölkə üzrə nə vaxt tətbiq ediləcək?

“Hazırda səhiyyə sistemi dövlət büdcəsindən maliyyələşir. Bunu birdən-birə dəyişmək elə də asan məsələ deyil. İcbari sığortanın tətbiqi səhiyyə sahəsində islahatların tərkib hissəsidir.

Nəinki tibb müəssisələrini, əhalini də icbari tibbi sığortanın tətbiqinə hazırlamaq lazımdır. Vətəndaşların icbari tibbi sığorta haqqında məlumatları yüksək səviyyədə deyil”.

Oxu.Az xəbər verir ki, bu sözləri Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Zaur Əliyev APA-ya müsahibəsində deyib.

“Dövlət xəstəxanaları bu günə qədər icbari tibbi sığorta sistemində işləməyiblər. İcbari tibbi sığortanın bütün ölkə üzrə tətbiq olunmasına başlıca maneə məlumatların elektron mübadiləsi ilə bağlıdır.

Düşünürəm ki, xəstəxanalarda vətəndaşların sığortalanması ilə bağlı qeydiyyat prosesi elə də çətinlik yaratmayacaq. Amma xəstəxanaların məlumatları agentliyə elektron şəkildə ötürməsi və bizim ödənişi elektron qaydada həyata keçirməyimiz elə də asan məsələ deyil. Buna bir qədər vaxt lazımdır.

Ona görə qərara gəldik ki, icbari tibbi sığortanın tətbiqi üçün pilot ərazilər seçək. Çünki bütün ölkə üzrə icbari tibbi sığortanın tətbiqinə başlasaq, bu, müəyyən çətinliklər yarada bilər.

Biz bu prosesi tədricən, mərhələli şəkildə həyata keçirməyi düşünürük. Mingəçevir və Yevlaxdakı xəstəxanalar icbari tibbi sığorta sistemində işlərini qurduqdan sonra bu proses bütün ölkəni əhatə edəcək. Artıq 2018-ci ildən ölkənin əksər hissəsində icbari tibbi sığortanın tətbiqinə başlanılacaq”, - deyə Dövlət Agentliyinin direktoru qeyd edib.

Qeyd edək ki, Azərbaycanda icbari tibbi sığortanın tətbiqinə Mingəçevir və Yevlaxda başlanılacaq.

U.A.

0
6