AMB-nin üzüyumşaqlığı - TƏHLİL

AMB-nin üzüyumşaqlığı - TƏHLİL

Son dünya iqtisadi böhranından sonra Avropada, xüsusən də Avrozonada yaranan borclar mühüm mənfi tendensiyalara səbəb olub. Bu problemlə mübarizə aləti kimi Avropa Mərkəzi Bankı stimullaşdırıcı proqramını tətbiq etməyə başlayıb. Proqramın məqsədi iqtisadiyyata əlavə pul buraxmaq və paralel olaraq faiz dərəcələrini tarixi minimumlarına endirməkdir. Təəssüflər olsun ki, hələlik hər hansı ciddi müsbət dəyişikliklər müşahidə olunmayıb, halbuki sözügedən stimullaşdırıcı proqram həqiqətən misli görünməmiş miqyas alıb.

Qeyd edək ki, iqtisadiyyatı stimullaşdırıcı tədbirlərin sırasında sadə pul emissiyası kimi təhlükəli və primitiv alətdən başqa son zamanlar daha müasir üsul tətbiq olunur ki, bu da Mərkəzi Bank və ya hökumət tərəfindən dövlət qiymətli kağızlarının geri alınmasıdır. Bunun nəticəsində verilən pullar həmin aktivlərlə təmin olunduğu üçün pulların dəyərsizləşməsi baş vermir. Mərkəzi Banka və ya hökumətə satılan qiymətli kağızların əvəzinə alınan pullar iqtisadiyyata yönəldilir ki, bu da iqtisadiyyata əlavə dəstəkdir. Avropa Mərkəzi Bankı tərəfindən stimullaşdırıcı proqram çərçivəsində geri alınan Avrozona ölkələrinin dövlət qiymətli kağızların ümumi həcmi nə az, nə çox bir trilyon avroya yaxınlaşıb. O cümlədən, Almaniyanın qiymətli kağızların həcmi 238 mlrd. avro, Fransanın 189 mlrd. avro, İtaliyanın 164 mlrd. avro təşkil edib. Qeyd edək ki, qiymətli kağızların geri alınması proqramı 2015-ci ilin əvvəlində işə salınıb, o zaman artıq məlum olub ki, Avrozonanın iqtisadiyyatı böhrandan “öz gücü ilə”çıxa bilməyəcək.

Sözügedən tədbirlərdən başqa iqtisadiyyatın stimullaşdırılması üçün ənənəvi monetar inzibati addımlar da atılır. Nəticədə, Avropa Mərkəzi Bankın faiz dərəcələrini rekord aşağı səviyyəyə salıb və uzun müddətdir ki həmin səviyyədə saxlayır. Sentyabrın 8-də keçirilmiş son iclasında Avropa Mərkəzi Bankın rəhbərliyi faiz dərəcələrinin indiki səviyyədə saxlanması barədə növbəti qərar qəbul edib ki, onun nəticəsində yenidən maliyyələşdirmə üzrə dərəcə 0%, kredit faizi 0,25% və Avropa Mərkəzi Bankında depozit dərəcəsi isə -0,4% təşkil edir. Göründüyü kimi, Mərkəzi Bankda depozitlər üzrə faiz dərəcəsi mənfidir. Bu da o məqsədlə edilir ki, maliyyə qurumları üçün vəsaitlərinin Mərkəzi Bankda depozit şəkildə saxlanması əlverişsiz olsun. Bu da həmin vəsaitlərin birbaşa iqtisadiyyata yönləndirilməsinin bir üsuludur. Əlavə olaraq Avropa Mərkəzi Bankının İdarə Heyəti istiqrazların geri alınması üzrə aylıq kvotanı azaltmayıb və 2017-ci ilin martına qədər indiki 80 mlrd. avroluq səviyyəsində saxlayıb. Aydındır ki, müddət məsələsi burada çox simvolik məna daşıyır, çünki Avropa Mərkəzi Bankı geri alınma proqramını istənilən vaxtadək uzatmaq hüququnu özündə saxlayır.

Qəbul edilmiş qərarlar onu sübut edir ki, əldə olunan nailiyyətlər və stimullaşdırıcı proqramın tətbiqi nəticəsində əldə olunan göstəricilər Avropa Mərkəzi Bankını qane etmir. Bu da aydındır, kimi indiki göstəricilər qane edə bilər ki? “Eurostat”ın məlumatına görə, 2016-cı ilin ikinci rübündə əvvəlki rübə nisbətən Avrozona ölkələri (19 ölkə) üzrə iqtisadi artım 0,3%, Avropa İttifaqı ölkələri (28 ölkə) üzrə isə 0,4% təşkil edib. Qeyd edək ki, 0,1 faiz bəndli fərq əsasən Avrozonaya daxil olmayan Şərqi Avropa ölkələrin hesabına yaranıb. Dinamika cansıxıcıdır. Bu ilin birinci rübündə rüblük artım ölkələrin hər iki kateqoriyası üzrə 0,5% təşkil edib. İllik müqayisədə mənzərə daha ürəkaçandır. Belə ki, ikinci rübdə iqtisadi artım əvvəlki ilin həmin rübünə nisbətən ölkələrin kateqoriyaları üzrə 1,6% və 1,8% təşkil edib, amma bu da birinci rüblə müqayisədə (1,7% və 1,9%) geriləmə deməkdir.

Avropa iqtisadiyyatına keyfiyyət və əsas olaraq kəmiyyət baxımından nəzərə çarpan dərəcədə töhfə verən ölkələrin sırasında ən yüksək iqtisadi artım (ikinci rübdə illik müqayisədə) Slovakiyada (3,7%), İspaniyada (3,2%), Polşada (3,1%), İsveçdə (3,1%) müşahidə olunur. Ən iri iqtisadiyyatlarda vəziyyət müxtəlifdir: Böyük Britaniyada 2,2%, Almaniyada 1,7%, Fransada 1,4%, İtaliyada 0,8% iqtisadi artım qeydə alınıb.

Daha vacib makroiqtisadi göstəricisi olan pərakəndə ticarət dövriyyəsi sahəsində vəziyyət bir qədər yaxşıdır ki, burada iyul ayında E19 ölkələri üzrə illik artım 2,9%, E28 ölkələri üzrə isə 3,5%-ə bərabər olub. Amma əsas narahat doğuran məsələ, yəni inflyasiya üzrə vəziyyət belədir - inflyasiya demək olar ki, yox səviyyəsindədir – cəmi 0,2%. Bu göstərici Avropa Mərkəzi Bankı üçün əsas narahat edən amildir, çünki iqtisadiyyatda staqnasiya əlamətlərinin olduğunu əks etdirir, hədəf kimi qoyulan 2%-lik inflyasiyaya isə hələ uzun yol var.

Nəticədə xüsusən də Avrozonada iqtisadiyyatın stimullaşdırılması tədbirlərindən imtina etmək, yumşaq desək, hələ də tezdir. Əksinə, Avropa Mərkəzi Bankı bu istiqamətdə səylərini gücləndirmək niyyətindədir. Belə ki, iyun ayında elan edilib ki, bundan sonra qiymətli kağızların geri alınma proqramına korporativ kağızlar da əlavə olunacaq. Bununla da gözləmək olar ki, yaxın zamanlarda trilyonluq rəqəm üstələnəcək. Qeyd edək ki, hazırda geri alınma üzrə yuxarı miqdar həddi kimi 1,7 trln. avro götürülüb, amma lazımı olduğu halda bu hədd də qaldırıla bilər. Hələlik proqnoz vermək çətindir, amma bəzi fikirlərə görə, inflyasiya üzrə ən aşağı hədəf xətti olan 1,7 faizə ən yaxşı halda 2018-ci ildə nail oluna bilər. Bundan başqa müstəqil ekspertlər və hökumət mütəxəssisləri hesab edir ki, yaxın yarım il ərzində geri alınma proqramının və faizlərin aşağı səviyyədə saxlanma siyasətinin dəyişməsi üçün heç bir əlamət meydana çıxmayacaq. Əksinə, onsuz da yumşaq olan monetar siyasətinin daha da yumşaldılması istisna edilmir. Məsələn, bunun üçün geri alınan qiymətli kağızların təsnifatına yumşaldıcı dəyişikliklər edilə bilər.  Çünki ilk addım artıq atılıb - korporativ qiymətli kağızlar siyahıya əlavə olunur, geri alınan qiymətli kağızların miqdarı bir trilyonu ötüb...

Vahab Rzayev, APA Analitik Mərkəzi

0
7