KİV: DESFA-nın rəhbəri istefa verib

KİV: DESFA-nın rəhbəri istefa verib

İstefaya səbəb DESFA-nın özəlləşdirilməsi ilə bağlı SOCAR-la Yunanıstan hökuməti arasında narazılıq göstərilir.Yunanıstanın qazpaylayıcı operatoru olan DESFA-nın baş direktoru Konstantinos Hifaras istefa verib.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Yunanıstan mətbuatı yazır.

Bildirilir ki, 2013-cü ilin oktyabr ayından bu vəzifəni tutan K.Hifaras ətraf mühit və energetika naziri Panos Skurletislə görüşdən sonra vəzifəsindən getdiyini açıqlayıb.

Yunan KİV-i istefanın DESFA-nın özəlləşdirilməsi ilə bağlı SOCAR-la Yunanıstan hökuməti arasında narazılığın olması fonunda baş verdiyinə diqqət çəkir.

DESFA Yunanıstanın hökuməti tərəfindən 2005-ci ildə DEPA dövlət korporasiyasının törəmə şirkəti kimi təsis edilib. DEPA qazı topdan alaraq, onu istehlakçılara paylaşdırır.

2013-cü il iyulun 31-də Yunanıstanın Dövlət Əmlakının İdarə Edilməsi Fondu (Hellenic Republic Asset Development Fund, HRADF) DESFA qazpaylayıcı şirkətinin 66%-lik səhm paketinin SOCAR tərəfindən 400 mln. avroya alınmasına dair sövdələşməni təqdir edib.

2013-cü ilin dekabr ayında SOCAR ilə Yunanıstanın Dövlət Özəlləşdirmə Fondu və “Hellenic Petroleum SA” şirkəti arasında Səhmlərin Alqı-Satqı Müqaviləsi” və “Səhmdarlar haqqında Müqavilə” imzalanıb.

SOCAR DESFA-nın səhmlərinin 31%-ni Yunanıstan hökumətindən, 35%-ni “Hellenic Petroleum SA” şirkətindən alır. DESFA üzərində nəzarətin SOCAR şirkətinə verilməsinə qədər Yunanıstan şirkətinin səhmlər paketinə HRADF tərəfindən nəzarət edilir.

DESFA-nın özəlləşdirilməsi prosesinin yubanmasının əsas səbəbi Avropa Komissiyasının Rəqabət üzrə Baş Direktorluğu tərəfindən SOCAR-a qazpaylayıcı operatorun nəzarət paketinin ötürülməsi üzrə apardığı araşdırmalardır.

Antiinhisar prinsiplərinə əsaslanan Yunanıstan dövləti SOCAR-ın səhm payının 17%-ni üçüncü tərəfə satmağını təklif edir. Səhm paketini İtaliyanın “Snam” şirkəti almaq niyyətindədir və bununla bağlı SOCAR-la danışıqlar aparılır.

U.A.

0
7