DESFA-nın rəhbəri istefa verib - Yunanıstan mətbuatı

DESFA-nın rəhbəri istefa verib - Yunanıstan mətbuatı

Yunanıstanın milli qazpaylayıcı sisteminin operatoru olan DESFA-nın baş direktoru Konstantinos Hifaras istefa verib.

"APA-Economics" xəbər verir ki, bu barədə Yunanıstan mətbuatı yazır.

Bildirilir ki, 2013-cü ilin oktyabr ayından bu vəzifəni tutan K. Hifaras ətraf mühit və energetika naziri Panos Skurletislə görüşdən sonra vəzifəsindən getdiyini açıqlayıb.

Yunan KİV-i istefanın DESFA-nın özəlləşdirilməsi ilə bağlı SOCAR-la Yunanıstan hökuməti arasında narazılığın olması fonunda baş verdiyinə diqqət çəkir.

DESFA Yunanıstanın hökuməti tərəfindən 2005-ci ildə DEPA dövlət korporasiyasının törəmə şirkəti kimi təsis edilib. DEPA qazı topdan alaraq, onu istehlakçılara paylaşdırır. 2013-cü il iyulun 31-də Yunanıstanın Dövlət Əmlakının İdarə Edilməsi Fondu (Hellenic Republic Asset Development Fund, HRADF) DESFA qazpaylayıcı şirkətinin 66%-lik səhm paketinin SOCAR tərəfindən 400 mln. avroya alınmasına dair sövdələşməni təqdir edib. 2013-cü

ilin dekabr ayında SOCAR ilə Yunanıstanın Dövlət Özəlləşdirmə Fondu və “Hellenic Petroleum SA” şirkəti arasında Səhmlərin Alqı-Satqı Müqaviləsi" və "Səhmdarlar haqqında Müqavilə" imzalanıb.

SOCAR DESFA-nın səhmlərinin 31%-ni Yunanıstan hökumətindən, 35%-ni "Hellenic Petroleum SA" şirkətindən alır. DESFA üzərində nəzarətin SOCAR şirkətinə verilməsinə qədər Yunanıstan şirkətinin səhmlər paketinə HRADF tərəfindən nəzarət edilir.

DESFA-nın özəlləşdirilməsi prosesinin yubanmasının əsas səbəbi Avropa Komissiyasının Rəqabət üzrə Baş Direktorluğu tərəfindən SOCAR-a qazpaylayıcı operatorun nəzarət paketinin ötürülməsi üzrə apardığı araşdırmalardır. Antiinhisar prinsiplərinə əsaslanan

Yunanıstan dövləti SOCAR-ın səhm payının 17%-ni üçüncü tərəfə satmağını təklif edir. Səhm paketini İtaliyanın "Snam" şirkəti almaq niyyətindədir və bununla bağlı SOCAR-la danışıqlar aparılır.

"SOCAR Energy Greece" şirkətinin baş direktoru Anar Məmmədov bundan öncə bildirib ki, Yunanıstan hökuməti iyul ayında P. Skurletisin təşəbbüsü ilə qanunvericiliyə bir neçə dəyişiklər edib: "Bunun DESFA-nın tariflərinə çox mənfi təsiri olub. Fikrimizcə, DESFA-nın dəyəri 40-50% azalıb. Bu dəyişikliklər olduğu kimi qalsa, yeni şəraitdə, yeni şərtlərlə artıq bu layihə bizim üçün o qədər də maraqlı deyil".

SOCAR prezidenti Rövnəq Abdullayev isə bildirib ki, Azərbaycan tərəfi DESFA-nın özəlləşdirilməsi ilə bağlı Yunanıstan hökumətinin təklifini gözləyir: "Sentyabrın 30-dək Yunanıstan hökumətinin təklifini gözləyirik. Əgər tender proseduruna edilən dəyişikliklər qanuna zidd olarsa, bu, DESFA-nın özəlləşdirilməsini mənasız edəcək. Biz Yunanıstan hökumətindən açıqlama istəmişik, lakin açıqlama hələlik gəlməyib".

0
7