24 dövlət əmlakı satıldı – FOTO

24 dövlət əmlakı satıldı – FOTO

Büdcəyə ümumilikdə 3 milyon manata yaxın vəsait köçürüləcək.Əmlak Məsələləri Dövlət Komitəsi geniş ictimaiyyətin və medianın iştirakı ilə açıq hərracları davam etdirir.

Oxu.Az xəbər verir ki, açıq hərracda yerli, xarici investorlar və potensial alıcılar məhdudiyyətsiz iştirak edib.

Hərracda media və ictimaiyyət nümayəndələri hərrac prosesini əyani izləyə bilib. Eyni zamanda, hərrac zalındakı böyük monitorlarda respublikanın digər şəhər və rayonlarında da keçirilən hərraclar canlı izlənilib.

İlk hərracda olduğu kimi, ikinci hərrac da investorların fəallığı şəraitində keçirilib. Budəfəki hərracda ümumilikdə 24 dövlət əmlakı satılıb.

Bu hərracın nəticələrinə görə, dövlət əmlakının özəlləşdirilməsindən dövlət büdcəsinə 1,1 milyon manat vəsait büdcəyə köçürüləcək. Hərracda 6 səhmdar cəmiyyətinin nəzarət səhm paketinin 30%-lik hissəsi, 14 kiçik dövlət müəssisə və obyekti, 4 nəqliyyat vasitəsi özəlləşdirilib.

Qeyd edək ki, ölkədə pambıqçılığın inkişafına verilən dəstək investorların pambıq müəssisələrinə marağını artırıb və 2 pambıq zavodunun səhmləri satılıb.

Digər səhmdar cəmiyyətləri isə quşçuluq, toxuculuq, tikinti, nəqliyyat və təmir sahəsinə aid olub. Bu müəssisələr Ağstafa, Ağcabədi, Yevlax, Ucar və digər regionlarda yerləşir.

Özəlləşdirilmiş 14 kiçik dövlət müəssisə və obyektlərinin 10-u Bakıda, 4-ü isə respublikanın digər şəhər və rayonlarında (Sumqayıt, Abşeron, Ağdaş və Şəki) yerləşən obyektlərdir.

Kiçik dövlət əmlaklarının 11-i ticarət sahəsinə, 1-i ictimai iaşə, 2-si isə xidmət sahəsinə aid olub. Dövlət müəssisələrinin və səhmdar cəmiyyətlərin səhmlərinin satışı göstərir ki, investorlar özəlləşdirmə sahəsində yaradılan imkanlardan və sərfəli investisiya şərtlərindən faydalanmağa çalışırlar.

Qeyd edək ki, 14 və 20 sentyabrda keçirilmiş hər iki açıq hərrac üzrə bütövlükdə 60 dövlət əmlakı özəlləşdirilib. Ümumilikdə isə hər iki hərracın nəticələrinə əsasən, 2,9 milyon manat vəsaitin dövlət büdcəsinə köçürülməsi təmin ediləcək.

Xatırladaq ki, növbəti belə hərrac 27 sentyabrda keçiriləcək və 52 dövlət əmlakı satışa çıxarılacaq.

U.A.



0
8