Nazirlikdə 37 min vergi ödəyicisi qəbul edilib

Nazirlikdə 37 min vergi ödəyicisi qəbul edilib

2016-cı ilin avqust ayında Vergilər Nazirliyinin Çağrı Mərkəzinin əməkdaşları tərəfindən canlı əlaqə zamanı 16770 sual cavablandırılıb.

Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, müraciətlərin 29,59% vergi növləri, o cümlədən 11,67%-i hesabatlar və hesabat formalarının doldurulma qaydaları, 22,25%-i qeydiyyat, 18,42%-i elektron xidmətlər, qalanları isə vergi qanunvericiliyi və digər məsələlər barədə olub.

Səsli menyu vasitəsilə məlumat almaq üçün Çağrı Mərkəzinə 3326 zəng daxil olub, 2023 zəng zamanı vergi borcu, 1075 zəng zamanı isə vergilərin növləri ilə bağlı məlumatlar verilib. Hesabat dövründə vergi ödəyicilərinin məlumatlandırılması üçün Vergilər Nazirliyinin təşəbbüsü ilə 68199 SMS göndərilib. Vergi ödəyicilərinin istəyi ilə ikitərəfli mesaj xidmətinin istifadəçilərinə 1409 SMS göndərilib.

Bundan başqa, Vergilər Nazirliyinin rəsmi internet səhifəsinə avqust ayında 300087 daxilolma qeydə alınıb.

Bildirək ki, cari ilin avqust ayı ərzində vergi ödəyicilərinə xidmət strukturlarında qəbul edilmiş vergi ödəyicilərinin sayı 36938 nəfər, göstərilmiş xidmətlərin sayı 63906 olub. Vergi ödəyicilərinə xidmət strukturları tərəfindən ümumilikdə 234717, o cümlədən avqust ayında 7665 sayda ASAN İmza sertifikatı verilib. 2016-cı ilin avqust ayı ərzində ümumilikdə təqdim edilməli olan 11282 vergi bəyannaməsindən 86,2%-i vaxtında, onların da 99,7%-i elektron qaydada təqdim edilib.

0
9