SOCAR-ın prezidenti: TANAP-ın tikintisi üzrə ikinci mərhələyə başlanılıb

SOCAR-ın prezidenti: TANAP-ın tikintisi üzrə ikinci mərhələyə başlanılıb

“Cənub Qaz Dəhlizi” layihəsinin birləşdirici həlqəsi olan TANAP-ın ilkin ötürücülük gücü ildə 16 milyard kubmetr həcmində planlaşdırılır”.

Oxu.Az-ın məlumatına görə, bu barədə SOCAR-ın prezidenti Rövnəq Abdullayevin “Azərbaycan” qəzetində dərc olunmuş məqaləsində deyilir.

Onun sözlərinə görə, sonradan bu həcmin 31 milyard kubmetrədək artırılması imkanları da nəzərə alınıb:

“TANAP hazırda SOCAR-ın xaricdə həyata keçirdiyi ən böyük investisiya layihəsidir. Ötən il Qarsda Azərbaycan, Gürcüstan və Türkiyənin dövlət başçılarının iştirakı ilə təməli qoyulmuş bu kəmər boruların diametri və xəttin uzunluğu baxımından indiyədək dünya miqyasında gerçəkləşdirilən ən böyük təbii qaz boru xətti layihələrindən biri olacaq.

Cari ilin avqust ayına qədər layihə üzrə işin həcmi 31,4% yerinə yetirilmişdir. Deyə bilərik ki, TANAP-ın tikintisi üzrə ilk mərhələ sona çatdırılıb və hazırda ikinci mərhələ üzrə işlər uğurla davam etdirilir”.

“Türkiyə-Yunanıstan sərhədindən başlayaraq Albaniya ərazisindən keçməklə Adriatik dənizi ilə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya qədər uzanacaq bu kəmərin ilkin ötürücülük gücü ildə 10 milyard kubmetr həcmində nəzərdə tutulub.

Xəzərin Azərbaycan sektorunun qaz-kondensat ehtiyatları ilə zəngin olduğu nəzərə alınaraq, “Cənub Qaz Dəhlizi” sistemi elə layihələndirilmişdir ki, gələcəkdə mümkün əlavə qaz həcmlərinin təchiz edilməsi üçün onun seqmentlərinin hər birinin, o cümlədən TAP-ın ötürücülük gücü artırıla bilsin”, - deyə SOCAR-ın prezidenti sözlərinə əlavə edib.

Qeyd edək ki, “Cənub Qaz Dəhlizi”nin sonuncu seqmentini təşkil edəcək TAP kəmərinin təməli bu ilin mayın 17-də qoyulub.

Ülviyyə R. Əli

0
10