SOCAR Gürcüstana qaz satışını yeddi dəfə artırıb

SOCAR Gürcüstana qaz satışını yeddi dəfə artırıb

“Bu gün Gürcüstanın qaz təchizatının və neft məhsulları bazarının da böyük qismini SOCAR təmin edir.

“SOCAR Energy Georgia” MMC Gürcüstanın ən böyük vergi ödəyicisidir və hazırda Tbilisi şəhəri istisna olmaqla, bütün Gürcüstan üzrə regional qaz distribusiya şəbəkəsinin 95%-nə nəzarət edir.

2009-2015-ci illər ərzində SOCAR-ın Gürcüstan bazarında qaz satışının həcmi təqribən 7 dəfə artıb, törəmə şirkətimiz tərəfindən ölkədə 5 min 360 kilometr uzunluğunda qaz xətləri çəkilib, 209 min 136 abonent qazlaşdırılıb”.

Oxu.Az-ın məlumatına görə, bu barədə SOCAR-ın prezidenti Rövnəq Abdullayevin “Azərbaycan” qəzetində dərc olunmuş məqaləsində deyilir.

SOCAR-ın prezidentinin sözlərinə görə, şirkət beynəlxalq bazarlarda iştirak payını artırmağı hədəfləyib:

“Qonşu ölkədə “SOCAR” brendi altında 116 yanacaqdoldurma məntəqəsi fəaliyyət göstərir. Bu isə Gürcüstanda neft məhsullarının pərakəndə satış bazarının təxminən 25%-i deməkdir.

“SOCAR Energy Georgia” artıq neçə ildir ki, Gürcüstanda “İlin ən yaxşı şirkəti” adına layiq görülür.

Hazırda Azərbaycan nefti ABŞ, Böyük Britaniya, Çin, Hindistan, İndoneziya, Kanada daxil olmaqla, dünyanın 25-dən çox ölkəsinə ixrac olunur.

Beynəlxalq konsaltinq şirkətlərinin rəyinə əsasən, “SOCAR Trading” Azərbaycan xam neftinin gəlirliyini bir barel üzrə 1,7 dollar artıraraq neftimizin dəyərini 2008-2013-cü illər ərzində 1,05 milyard dollar yüksəltmişdir.

Şirkət qısa müddətdə dünya bazarında fəaliyyətini genişləndirmiş, London, Dubay, Hyuston, Kalqari, İstanbul, Qahirə və digər şəhərlərdə nümayəndəliklərini açmış, BƏƏ-də Fuceyra limanında neft terminalı və Maltada LNG terminalının inşası layihələrində uğurla iştirak etmişdir.

Ötən il treyder şirkətimiz vasitəsi ilə dünya bazarında 253 milyon barel xam neftin, o cümlədən 166 milyon bareldən çox Azərbaycan mənşəli xam neftin və 14 milyon ton neft məhsullarının satışı həyata keçirilmişdir.

Rumıniya və Ukraynanın pərakəndə neft məhsulları satışı bazarlarında da SOCAR uğurla çalışır. Tətbiq olunan innovativ metodlar Avropa alıcılarının rəğbətini qazanmışdır.

Biz beynəlxalq bazarlarda iştirak payımızı və coğrafiyamızı bundan sonra da genişləndirməkdə maraqlıyıq”, - deyə SOCAR-ın prezidenti sözlərinə əlavə edib.

Ülviyyə R. Əli

0
12