Bağ evlərinə maraq beş dəfə azalıb

Bağ evlərinə maraq beş dəfə azalıb

İnsanlar artıq bu cür evlərə böyük pullar xərcləmək istəmirlər. Bu gün paytaxtda və ətraf ərazilərdə 40-50 min manatdan bir neçə milyon manatadək olan bağ evi tapmaq mümkündür.

Oxu.Az xəbər verir ki, bu barədə “Daşınmaz əmlak” jurnalı yazır.

“Bağ evlərinin qiymətinə onun yerləşdiyi ərazi, burada yaradılmış şərait, torpağın keyfiyyəti, torpaq sahəsinin ölçüləri də təsir edir. Ən bahalı ərazilər Bilgəh, Zağulba, Mərdəkan, Şüvəlan əraziləridir. Novxanı, Saray, Fatmayı, Pirşağı kimi 2-ci kateqoriyaya daxil olan ərazilərdə isə bağ evləri nisbətən ucuzdur.

Şəxsi bağ evi olmayanlar isə yay aylarında bağ evlərini kirayəyə götürüb dincələ bilərlər. Normal şəraiti olan, hovuzsuz bağ evlərini 800-1000 manata kirayəyə götürmək mümkündür. Hovuzlu bağların kirayə qiymətləri aylıq 1000-2500 manat ətrafındadır, 5000 manata da aylıq kirayəsi olan bağlar var”, - deyə jurnal yazır.

Ekspertlərin fikrincə, son illər bağ evi almağa maraq azalmaqdadır və bu iqtisadi baxımdan rentabelli deyil.

“New Europa” daşınmaz əmlak agentliyinin şöbə müdiri Əjdər Babayev deyir ki, bağ evinin alışı ilə bağlı müraciətlər xeyli aşağı düşüb:

“Məsələn, ötən il bu vaxtadək bizə bağ almaq üçün 50-60 nəfər müraciət etdiyi halda, bu il may-iyun aylarında cəmi 12-15 müraciət var. Gördüyünüz kimi, müraciətlərdə 5 dəfəyə yaxın azalma var.

Özü də bu, bağ evlərinin qiymətinin əvvəlki illərlə müqayisədə xeyli ucuzlaşdığı bir vaxtda baş verir. Bu hal, bir tərəfdən ümumilikdə əmlak bazarında vəziyyətlə bağlı olsa da, ekspertlər bildirir ki, əsas səbəb insanların bağ almaq üçün əvvəlki kimi, böyük pullar xərcləmək istəməməsidir”.

U.A.

0
7