Fartih Terimin çökdürdüyü “krallar” - SİYAHI

Fartih Terimin çökdürdüyü “krallar” - SİYAHI

Bu il Fransada keçirilən Avropa çempionatında uğursuzluğa düçar olan Türkiyə millisində ciddi dəyişikliklər edildi. Belə ki, baş məşqçi Fatih Terim bu ayın əvvəlində DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Xorvatiya ilə görüşə bir neçə aparıcı oyunçuya dəvət göndərmədi.

Səbəb kimi, başda Burak Yılmaz və Arda Turan olmaqla, bir çox oyunçunun mükafat “davası” etməsi göstərildi. Nəticədə 7-8 oyunçunun “qələmini qıran” “imperator” ləqəbli mütəxəssis gənclərlə yola davam etmək qərarı aldı.

Terim bununla ilk dəfə deyil ki, ulduz futbolçuları siyahısından silir. Məşqçilik karyerası ərzində həm çalışdırdığı klublarda, həm də milli komandada bir çox tanınmış sima onun qurbanı olub. Apasport.az saytı Terimin ulduzunun barışmadığı ən məşhur 10 futbolçunu təqdim edir.

Hakan Şükür – Şükürün idman yazarı Osman Tamburacıya müsahibə verməsi iki tanınmış sima arasında gərginliyi başlatmışdı. Daha sonra “Jeep” qalmaqalı da bu gərginliyi alovlandırıb. Terimlə Şükürün ulduzları heç vaxt barışmayıb. Sadəcə, komandanın uğuru naminə bir-birilərinə qarşı səbrli davranıblar. Təcrübəli mütəxəssis AÇ-2008-ə “kral” ləqəbli hücumçunu aparmamaqla ciddi şəkildə tənqid hədəfinə çevrilmişdi.

Predraq Miyatoviç – Terim “Fiorentina”nın “sükanı arxası”na keçdiyi ilk gündən Miyatoviçlə anlaşa bilməyib. Cütlüyün arası heç vaxt yaxşı olmayıb. Serbiyalı ulduz futbolçu daha sonra türkiyəli mütəxəssis barədə bunları deyib: “Komanda şəklində müdafiəyə çəkilmək və hücuma çıxmaq kimi axmaq oyun anlayışı var”.

Bülənt Qorxmaz – Terimin ilk dönəmində “Qalatasaray”ın uğurlarında böyük pay sahibi olan əfsanəvi kapitan çalışdırıcının ikinci dönüşü zamanı gəncləşdirmə siyasətinin qurbanına çevrilmişdi. Sevimli komandadasından bu cür uzaqlaşdırılmaq “Bakı”nın sabiq baş məşqçisində inciklik yaratmışdı.

Yıldıray Baştürk – Terim Türkiyə millisini çalışdıranda Baştürkə az şans verirdi. “Ştutqart”da olarkən keçmiş yarımmüdafiəçi AÇ-2008-ə aparılmamış və bu barədə belə demişdi: “Əgər AÇ-2008-ə getsəydim, həm dünya, həm də Avropa çempionatında iştirak etmiş nadir oyunçulardan biri olacaqdım. Çempionlar Liqasının finalında oynamış ilk türk futbolçusuyam. Mövsümboyu Avropa çempionatı üçün hazırlaşdım. Seçmə mərhələ görüşləri zamanı da “18-lik”də yer alırdım. Çağırılmadığımı görəndə üç gün ağladım”.

Andrea Pirlo – “İmperator” “Milan”da işlədiyi qısa müddətdə Pirlo ilə arasında mətbuata sızacaq gərginlik olmadı. Ancaq son illər İtaliya futbolunun “kral”ı sayılan futbolçu çap olunan son kitabında həmin dövrü yada salıb və Terimi tənqid edib: “Fatih çox diqqətçəkən və qanunlara allergiyası olan qəribə bir insan idi. İlk gündən “Milan”da uzun müddət qalmayacağı bəlli idi. Qısa müddət sonra da qovuldu”.

Hakan Ünsal – İngiltərədən “Qalatasaray”a döndükdən sonra ikinci “cim-bom” dönəmi uğursuz nəticələnən oyunçulardan biri oldu. Ünsal həmin dövrlə bağlı belə deyib: “İngiltərə kimi rahat yeri tərk edib “Qalatasaray” və Fatih Terim üçün geri döndüm. Bu fədakarlığın qarşılığında komandadan uzaqlaşdırılmağım məni üzdü”.

Ümit Karan – Terimin ulduzunun barışmadığı oyunçulardan biri də Karan idi. Gecə həyatından əl çəkməməsi də sabiq forvardın əleyhinə işləyən amillərdən biri oldu. Bəzi oyunlarda iştirak etmədi, bəzilərində isə heç “18-liy”ə düşmədi.

Milan Baroş – Fatih Terimin işindən narazılıq bildirən əcnəbi futbolçulardan biri də Baroş olub. Ötən həftə “Slovan”ın heyətində Bakıya gələn və “Qarabağ”la matçda qol vuran çexiyalı hücumçu “Qalatasaray”dan ayrıldıqdan sonra bunları demişdi: “Onunla bağlı yaxşı heç nə xatırlamıram. Terimin möhtəşəm məşqçi olduğunu deyirdilər. Ancaq birlikdə çalışdıqdan sonra həqiqəti gördüm. Dünyada ondan güclü olan kifayət qədər məşqçi var”.

Burak Yılmaz – AÇ-2016 öncəsi gündəmi zəbt edən mükafat probleminin əsas səbəbkarı məhz Burak göstərildi. Terim də onun adını “qara siyahı”sına yazdı. Hazırda karyerasını Çində davam etdirən hücumçunu baş məşqçinin nə zaman bağışlayacağı maraqla gözlənilir.

Arda Turan – Burak Yılmaz gərginliyinin qurbanlarından biri də kapitan oldu. Çünki yarımmüdafiəçi məhz Buraka görə Terimi qarşısına alaraq, “yanğını” daha da “alovlandırdı”. “Barselona”nın heyətində mövsümə əla start götürməsinə baxmayaraq, Arda DÇ-2018-in seçmə mərhələsində Xorvatiya ilə qarşılaşmaya çağırılmadı.

0
25