Rahib Azəri yeddi aylıq fasilədən sonra yenidən radioda

Rahib Azəri yeddi aylıq fasilədən sonra yenidən radioda

Məşhur televiziya və radio aparıcısı Rahib Azəri “Xəzər” FM radiosunda fəaliyyətə başlayıb.

21 il radio aparıcısı kimi çalışan jurnalist adıçəkilən radioda “Azəri caz” adlanan proqramı təqdim edir.

“Veriliş həftənin şənbə və bazar günləri saat 10:00-dan 12:00-dək yayımlanır. Artıq sentyabrın 17-si və 18-də ilk buraxılışlarımız təqdim olundu. Əsasən, proqramda qərb cazına üstünlük verilir. Dünənki verilişi Milli Musiqi Gününə həsr edərək Azərbaycan cazı səsləndirdim. Gələcəkdə yeni rubrikalar təqdim etmək niyyətindəyəm”, - deyə Rahib Azəri Oxu.Az-a müsahibə verib.

O, “Xəzər” TV-də yayımlanan müəllifi və aparıcısı olduğu “Sirdaş” və “Şəxsiyyətlər” layihələrinin də davam edəcəyini bildirib. Xatırladaq ki, Rahib Azəri 2014-cü ildə “Sirdaş” proqramına görə, “Humay” mükafatına layiq görülüb.

Həmçinin “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin mətbuat xidmətinin rəhbəri olan aparıcı hər həftə sonu İçərişəhər və Bakının tarixinə aid olan turlar təşkil etdiyini də bildirib.

Qeyd edək ki, 1994-cü ildən ANS ÇM-də (hazırda Milli Televiziya və Radio Şurası tərəfindən radionun fəaliyyətinə xitam verilib) fəaliyyətə başlayan Rahib Azəri “Anten” FM, “Lider Jazz” FM, “Burc” FM kimi radiolarda müxtəlif proqramların müəllifi və aparıcısı olub. 2006-2008-ci illərdə ”Space” TV-də “Kiçik qala” və “Bizim kino” kimi verilişlərini təqdim edib.

Aytən Sadıqzadə

0
8